Ukrayna ilə müharibə Rusiya üçün çox risklidir

Ona görə Putin Türkiyənin vasitəçilik təklifinə müsbət cavab verib

   Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsini müzakirə etmək üçün Türkiyəyə səfəri ilə bağlı dəqiq tarix hələlik müəyyən edilməyib. Səfər Putinin Pekin Olimpiadasında iştirakından dərhal sonra gerçəkləşə bilər. Bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Çavuşoğlu bildirib ki, bu müddət ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ukraynaya səfər edəcək: “Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşünün Ərdoğanın Ukrayna səfərindən dərhal sonra keçirilməsi planlaşdırılır”. 

Ərdoğan Ukraynaya fevralın 3-də səfər edəcək. Pekin Qış Olimpiadasının açılışı isə fevralın 4-də olacaq. 
Xatırladaq ki, Ərdoğan Rusiya prezidentini Türkiyəyə dəvət edib. Kreml rəhbərinin dəvəti qəbul etdiyi və yaxın günlərdə Türkiyəyə səfər edəcəyi deyilir. 

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında deyib ki, indiki halda Türkiyənin vasitəçiliyi sadəcə Ukrayna-Rusiya deyil, Moskva ilə Qərb və NATO arasında vasitəçilik missiyasıdır. Professorun sözlərinə görə, əgər Ankara tərəflər arasında təmas yarada bilərsə, Türkiyənin böyüklüyü bir daha təsdiqlənər:

 “Ukrayna ilə müharibəyə başlamaq Rusiya üçün çox risklidir. Putin reallığı bildiyinə görə Türkiyə dövlət başçısının təklifinə müsbət reaksiya verir. Ukrayna üçün də ən uyğun variant Türkiyənin vasitəçiliyidir. Ümumiyyətlə, regionda müharibənin olmasını münaqişə tərəfləri də, Avropa İttifaqı da istəmir. Çünki savaş dünya nizamını dəyişə, pandemiyadan ciddi zərbə görmüş qlobal iqtisadiyyatı daha da çökdürə bilər”. 

Q.Çaxmaqlı vurğulayıb ki, Türkiyə bu addımı ilə humanist və dünyanın xilaskarı missiyasını yerinə yetirən bir dövlət olduğunu ortaya qoydu: 

“Türkiyənin sülhsevər, etibarlı və qayğıkeş dövlət olduğu hamıya bəllidir. O baxımdan Putin və Zelenski təklifə müsbət yanaşır. Dilemmadan çıxış yolunu Türkiyənin vasitəçiliyində görürlər. Qərbin və konkret ABŞ-ın Rusiyaya yazılı cavabı bu işin reallaşmasına təkan verəcək. Ankara, yaxud İstanbulda reallaşacaq Putin-Zelenski görüşü dünyanı yeni bəladan xilas etmiş olar. Bütün tərəflər üçün ən məqbul variant budur”.