Rusiya cavabını aldı, indi başqa planları gündəmə daşıyacaq



Kreml qaz rıçağı ilə Avropadan NATO-ya qarşı maksimum istifadə edəcək

   ABŞ və NATO-nun cavabından sonra əsas müzakirə mövzusu Rusiyanın hansı addımları atacağıdır. Qərb Moskvanın tələblərini qəbul etmədi. Hətta hərbi alyansın Baltik və Qara dənizdə mövcudluğunun gücləndiriləcəyi bəyan olundu. Beləliklə, rusların tələbi ilə başlanan qarşıdurma amerikalıların cavabı ilə növbəti mərhələyə keçdi. Qərb rusların istəyini geri çevirməklə yanaşı, Moskvanın qəbul etməyəcəyi tələblər də irəli sürdü. Məsələn, rus qoşunlarının Donbass, Abxaziya, Dnestryanı kimi ərazilərdən çıxarılmasını istədi. Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib ki, ABŞ və NATO-nun cavablarında Rusiyanın fundamental narahatlıqları nəzərə alınmayıb. Putin qeyd edib ki, Rusiya tərəfi yazılı cavabları diqqətlə öyrənəcək və bundan sonra gələcək hərəkətləri barədə qərar verəcək.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi güclü olmayan versiyadır. Ekspertin fikrincə, sərhədə yığılan qoşunun hədəfi daha çox masada qalib gəlmək üçün “əzələ nümayişi” məqsədi daşıyır. O da istisna deyil ki, ruslar müdaxilə senarisi üzərində işləyirlər, lakin bu, ən sonda atıla biləcək addım ola bilər. Qarşıdakı dövrdə Moskvanın bir neçə senari üzrə hərəkət edə biləcəyi mümkündür. 

Birincisi, Donbass və Luqanskda separatçıları silahlandırmağı sürətləndirəcək. Hakim Vahid Rusiya Partiyası bununla bağlı Putinə müraciət edib. Bu, Ukraynanın separatçılara qarşı anti-terror əməliyyatı riskinə hesablanıb. İkincisi, Rusiya “əzələ nümayişi”ni genişləndirə bilər. Şərqi Avropa sərhədlərində hərbi təlimləri artıra və təlimlər adı ilə əlavə qoşunları bölgəyə cəlb edər. Üçüncüsü isə Şərqi Avropa sərhədlərində hərbi varlığı artıracaq Moskva Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirməyə çalışar. Rusiya “Normand formatı” üzrə danışıqları bərpa etmək istiqamətində işləyəcək. İki gün öncə bu formatda görüş keçirildi və növbəti görüşün iki həftə sonra olması üzərində razılıq əldə olundu. Moskva Avropanı qaz rıçağını sıxaraq, Fransa və Almaniyanın ABŞ cəbhəsində yer almasının qarşısını ala bilər. Fikrimcə, Kreml Avropadan NATO-ya qarşı maksimum istifadə etməyə çalışacaq. ABŞ buna qarşı hərbi müstəvidə addımları genişləndirməklə Avropanı Rusiyaya qarşı vahid cəbhədə birləşməyə məcbur etmək strategiyasını izləyə bilər. Qarşıdurma “soyuq müharibə” qaydaları ilə davam edəcək. Həm hərbi, həm informasiya cəbhəsində...”.