Fazil Mustafa: "Türkiyə ordusunun ərazimizdə mövcudluğunu tam legitimləşdirəcəyik"

Ermənilərlə sülh sazişi, Zəngəzur yolunun açılışı ardarda görəcəyimiz işlərdir
Qarabağ Azərbaycan dövlətini sevən hər kəs üçün ən həssas mövzudur. Hamımız fikir, mülahizə, gələcəyin proqnozlaşdırmasını Qarabağ üzərindən irəli sürmək haqqına sahibik. Ancaq bunu hoqqabazlıqla, yalançı vətənpərvərliklə edənlərə qarşı da mövqe sərgiləməyimiz vacibdir

“Sherg.az”ın xəbərinə görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib. 

Deputat bildirib ki, Qarabağ üzərindən hamıdan artıq vətənpərvər görünmənin fəsadlarını illər öncə yaşamışıq. Yenidən yaşamamaq üçün mövcud reallıqlara uyğun millət və dövlət olaraq daha nizamlı addım atmağa çalışmalıyıq: 

“Sui-istifadə mövzularından biri Rusiya sülhməramlıları ilə bağlı məsələdir. Bəri başdan deyim ki, Qarabağda Rusiya sülhməramlılarının olmasına ən ciddi təhlükə kimi baxanlardan biri olsam da, mövcud şəraitdə bunun alternativinin olması barədə hansısa konkret təklifə malik deyiləm. Ancaq Qarabağ savaşından sonra imzalanan 10 noyabr 2021-ci il bəyanatının bütün müddəlarını da dövrün reallığına uyğun hesab edirəm. Ölkə prezidentinin Rusiya ilə bu mövzuda apardığı danışıqların prinsiplərini dəstəkləyirəm. Çünki özünüz də görürsünüz ki, dünyanın aparıcı gücləri hər hansı məsələdə Rusiyanın iradəsini sındıracaq addımlar ata bilmirlər. Biz kiçik dövlət olaraq öz maraqlarımızı maksimum səviyyədə Rusiya qarşısında qorumağı bacarırıqsa, bu kursa davam etməkdən başqa yolumuz qalmır. Sözümü NATO məsələsinə gətirirəm. NATO adından Rusiyaya ultimatum verildi ki, üç ölkədən  - Ukrayna, Moldova və Gürcüstandan qoşunlarını çıxarsın. Bizdə dərhal sosial şəbəkə qəhrəmanları yenə də Qarabağ üzərindən siyasətə başlayaraq vurğuladılar ki, bəs NATO ona görə üç ölkəni deyir ki, onların ərazisinə rus qoşunları zorla girib. Bizim adımızı da ona görə çəkməyib ki, hakimiyyət rus sülhməramlılarını özü dəvət edib. Yenə də ənənəvi Allahsızlıq! Rusu hələ bir yana buraxaq, ermənidən başlayaq. BMT qətnamə qəbul etmişdi ki, erməni birləşmələri Kəlbəcərdən çıxsın. Əcaba o zaman və sonra NATO xırdaca Ermənistana ultimatum verdimi ki, işğal olunmuş Azərbaycan torpağından çıxın? “Dağlıq Qarabağ”dan isə ümumiyyətlə danışan olmadı. Çünki oradakı erməni ordusunu tamamilə görməzdən gəlirdilər. İllər boyunca NATO da daxil olmaqla bütün Avropada mövcud olan beynəlxalq təşkilatların Ermənistan işğalçı ordu birləşmələrinin Azərbaycandan çıxarılması barədə ultimatuma, adicə bir tələbə rast gəldinizmi? Bapbalaca Ermənistandan bunu tələb etməyənlər, bizim ərazimizdə olan Rusiya sülhməramlıları barədə tələb qoyacaqlar?”.

Parlament üzvü bəyan edib ki, Qarabağ, Rusiya sülhməramlıları mövzusu çox həssaslıq tələb edir: 

“Addım-addım bu problemi çözəcəyik. Türkiyə-Ermənistan münasibətləri qurulmağa başlayır. Yaxınlarda Şuşa Bəyannaməsini parlament təsdiq edəcək. Türkiyə ordusunun ərazimizdə mövcudluğunu tam legitimləşdirəcəyik. Ermənilərlə sülh sazişi, Zəngəzur yolunun açılışı ardarda görəcəyimiz işlərdir. Bu kimi məsələlərə hamılıqla geniş çərçivədən baxmalıyıq. Siyasət üçün daha fərqli mövzular var. İstər xarici, istər daxili siyasətdə. Populizm naminə Qarabağdan istifadə etməməyə çalışmaq daha məqsədəuyğun olardı”.