"Kreml Donbas və Luqanskda separatçıları silahandırmağı sürətləndirəcək"  - Politoloq 

Qarşıdakı dövrdə Moskvanın bir neçə senari üzrə hərəkət edə biləcəyi mümkündür

“ABŞ və NATO-nun cavabından sonra əsas müzakirə mövzusu Rusiyanın hansı addımları atacağı üzərindədir”.

Bu barədə “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, Qərb Moskvanın tələblərini – Şimal Alyansının Şərqə doğru genişlənməməsi, 1997-ci il aktına uyğun mövqelərə çəkilməsi, Rusiya sərhədləri yaxınlığında raketlərin yerləşdirilməməsi şərtlərini qəbul etmədi: 

“Hətta ittifaqın Baltik və Qara dənizdə mövcudluğunun gücləndiriləcəyi bəyan edildi. Beləliklə, rusların tələbi ilə başlanan qarşıdurma amerikalıların cavabı ilə növbəti mərhələyə keçir. Qərb rusların istəyini geri çevirməklə yanaşı, Moskvanın qəbul etməyəcəyi tələblər irəli sürür. Bu, artıq başlandığı görünən “yeni soyuq müharibə”nin daha da kəskinləşəcəyini qaçılmaz edir. Rəsmi Moskva bəyan edir ki, atılacaq addımlara Putin qərar verəcək. Hansı addımlar atıla bilər, mümkün senarilər nələrdir? Rusiyanın Ukraynaya müdaxilə edəcəyi senarisi o qədər də güclü olmayan versiya olaraq qalır. Sərhədə yığılan qoşunun hədəfi daha çox masada qalib gəlmək üçün “əzələ nümayişi” məqsədi daşıyır. O da istisna deyil ki, ruslar müdaxilə senarisi üzərində işləyirlər, lakin bu ən sonda atıla biləcək addım ola bilər. Qarşıdakı dövrdə Moskvanın bir neçə senari üzrə hərəkət edə biləcəyi mümkündür. Birincisi, Donbas və Luqanskda separatçıları silahandırmağı sürətləndirəcək. Hakim Vahid Rusiya partiyası bununla bağlı artıq Putinə müraciət edib. Bu, Ukraynanın separatçılara qarşı anti-terror əməliyyatı riskinə hesablanıb. İkincisi, Rusiya “əzələ nümayişi”ni genişləndirə bilər. Şərqi Avropa sərhədlərində hərbi təlimləri artıra və təlimlər adı ilə əlavə qoşunları bölgəyə cəlb edə bilər. Üçüncüsü, Şərqi Avropa sərhədlərində hərbi varlığı artıracaq Moskva Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirməyə çalışa bilər”. 

A.Nərimanlı qeyd edib ki, “Normand formatı” üzrə danışıqları bərpa etmək istiqamətində işləyəcək: 

“İki gün öncə bu formatda görüş keçirildi və növbəti görüşün iki həftə sonra olması üzərində razılıq əldə olundu. Avropanı qaz rıçağı ilə sıxaraq, Fransa və Almaniyanın ABŞ cəbhəsində yer almasının qarşısını almaq məsələsi gündəmdədir. Beləliklə, Şimal Alyansı daxilində fikir ayrılığını genişləndirmək strategiyasını izləyə bilər. Bu kontekstdə “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinin “Gas for Europe GmbH” törəmə müəssisəsini yaratdığını elan etməsi diqqət çəkir. Bu, layihənin sertifikatlaşdırılması üçün həyata keçirilməsi işlərdən biri idi. Uzun müddətdən sonra ruslar alman qanunvericilyinin tələbini yerinə yetirdilər. Qarşıdurma fonunda sertifikatın alınması asan olmasa da, prosesdə praktiki mərhələnin başlandığı görünür. Bu, “Şimal axını” layihəsi, ümumilikdə Avropanın enerji təchizatı məsələsində Almaniya-Fransa ikilisinin ABŞ-la fikir ayrılığının davam etdiyinin real nümunələrindəndir. Rusiya Avropanın vəziyyətindən NATO-ya qarşı maksimum istifadə etməyə çalışacaq. ABŞ buna qarşı hərbi müstəvidə addımları genişləndirməklə Avropanı Rusiyaya qarşı cəbhədə birləşməyə məcbur etmək strategiyasını izləyə bilər. Qarşıdurma “soyuq müharibə” qaydaları ilə davam edəcək, həm hərbi, həm informasiya cəbhəsində...”.