"Müxalifət haqqında" qanuna ehtiyac varmı?

KXCP "yox" deyir, AĞ Partiya isə Fazil Mustafanın təklifini dəstəkləyir

Milli Məclisdə “Müxalifət haqqında” qanunun qəbul olunması təklif edilib. Təklifi millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa səsləndirib. Deputat deyib ki, bu qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək. Onun sözlərinə görə, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: “Hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik”. 

Fazil Mustafanın təklifini “Şərq”ə dəyərləndirən Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu deyib ki, heç bir ölkədə bənzər qanun yoxdur. Partiya funksioneri bildirib ki, müxalifətçilik alternativlik, institut deməkdir:

 “Müxalifətçiliyi hansısa qanunla çərçivələndirmək olmaz. Seçkidə ən çox səs toplayan partiya hakimiyyətə gəlir. Digər partiyalar isə müxalifətdə qalır və siyasi mübarizəsini davam etdirir. Müxaliflik konkret vəzifə deyil ki, qanunla tənzimləyək. Hər partiyanın nizamnaməsi, fəaliyyət istiqaməti var. Heç bir siyasi qurum nizamnaməsində “müxalifətçilik” öhdəliyini götürmür. Belə bir qanun qəbul olunarsa, yaranmış partiya fəaliyyətini necə tənzimləyəcək? Əvvəlcədən bəyan edəcək ki, müxalifət partiyası kimi fəaliyyətə başlayır? Deməli, başqa cür fəaliyyət göstərsə, partiyanı qapadacaqlar, yaxud məhdudiyyətlər qoyacaqlar. Bu, sadəcə siyasi fəaliyyətin deyil, ümumən insan haqlarının pozulması anlamına gəlir”.

 X.Teyyublu müxalifətçiliyin çərçivəyə salınmasını istəmədiyini vurğulayıb: 

“Hazırda iqtidarda bir partiya var. Ola bilsin, elə dövr gələr ki, 3-4 partiya koalisiya şəklində hökumət qurar və iqtidarda təmsil olunar. Partiyaların konkret, bəri başdan “iqtidaryönlü” və “müxalifətçi” kimi dəyərləndirilməsi düzgün deyil. Bunu müəyyənləşdirmək üçün meyarlar yoxdur. Hansısa partiyaya “mütləq müxalifətçilik fəaliyyəti göstərməlisən” şərti qoyulmur. Hər siyasi təşkilat fəaliyyət istiqamətini, atacağı addımları özü müəyən edir. Müxalifət partiyaları tərəfindən hökumətin addımlarının tənqid olunması isə normal haldır”. 

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli isə “Şərq”ə açıqlamasında deyib ki, bəzi xarici ölkələrdə “müxalifət” haqqında qanunverici aktlar var. Partiya təmsilçisinin sözlərinə görə, AĞ Partiya rəhbərliyi də “müxalifətçilik haqqında” müsbət qanunvericilik aktının hazırlanmasının tərəfdarı olduğunu söyləyib: 

“Müxalifətin dövlət tərəfindən maliyyələşməsini istəyirik. Avropanın aparıcı ölkələrində, Türkiyədə təkcə parlamentdə təmsil olunan partiyalar deyil, həm də kənarda qalmış nüfuzlu müxalif siyasi təşkilatların da maliyyələşməsi təmin olunur. Maliyyələşmə ona görə önəmlidir ki, müxalifət partiyaları digər xarici dairələrin təsirinə düşməsin, onların tapşırıqlarını icra etməsin. İstəyimiz bu yöndədir”.