Qriqoryan BMT çətirindən qalxan kimi istifadə edir

Qurumun öz nizamnaməsini pozan əməkdaşı ilə bağlı tədbir görməsi hələ də gözlənti olaraq qalır

BMT-nin İnkişaf Proqramının Şimali Makedoniya üzrə Rezident Nümayəndəsi Armen Qriqoryandır. O, 2021-ci ilin 11 oktyabr tarixində bu vəzifəyə təyin olunub. Armen 2015-ci ildən 2021-ci ilə - Şimali Makedoniyaya gedənə qədər BMT İnkişaf Proqramının İstanbul Regional Mərkəzində çalışıb. Tərcümeyi-halına baxdıqda BMT-də “fəal əməkdaşlardan” olduğu görünür. Problem onun erməni olmasında yox, BMT-nin əməkdaşı olduğu halda Azərbaycan və Türkiyəyə qarşı təbliğat aparmasındadır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, 44 günlük müharibədə Armen Qriqoryan sosial şəbəkələrdə aktiv şəkildə erməniləri müdafiə edib. Azərbaycan və Türkiyə əleyhinə kampaniya aparıb. Analitik vurğulayıb ki, müharibədən öncə isə qondarma rejimə səfərləri təbliğ edən materiallar yayımlayıb: 

“Armen Qriqoryan bir erməni kimi bunu edə bilər, amma BMT əməkdaşı kimi yox. Birincisi, bu, təşkilatın əməkdaşları üçün nəzərdə tutduğu etik kodeksə ziddir. Kodeksdə bildirilir ki, “BMT İnkişaf Proqramında etika prinsipial olaraq, xidmət etdiyimiz ictimaiyyətin maraqlarını şəxsi maraqlarımızdan üstün tutmamaqdır”. İkincisi, qurumun Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 4 qətnaməsi var idi. 

Təşkilat əməkdaşı isə nəinki bu qətnamələri diqqətə almır, əksinə, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləyir, bununla bağlı təbliğat aparır”. 

A.Nərimanlı vurğulayıb ki, Qriqoryan qurumun prinsiplərinə zidd hərəkət etsə də, onunla bağlı tədbir görülməyib:

 “Qriqoryanın əməkdaşı olduğu təşkilat prinsiplərini pozmasından sonra gözlənilən idi ki, onun fəaliyyətinə imkan verilməsin. Yaxud ən azından hansısa tədbir görülsün. 

Lakin müharibədən sonra Qriqoryanın BMT-də vəzifəsi böyüdüldü. İstanbulda müşavir idisə, Şimali Makedoniyada Rezident Nümayəndə təyin olundu. Qriqoryan BMT çətirindən qalxan kimi istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı fəaliyyətini qaldığı yerdən davam etdirir. 

Qurumun öz nizamnaməsini pozan əməkdaşı ilə bağlı tədbir görməsi hələ də gözlənti olaraq qalır. Azərbaycan və Türkiyənin qurumdakı nümayəndəliyi bu məsələni diqqətdə saxlamalı, ən azı Armenin fəaliyyətinin araşdırılmasını tələb etməlidir”.