AKP sözçüsü Ermənistanla əlaqələrin normallaşmasından danışıb

“Ermənistanla normallaşma əlaqələrini ciddi izləyirik. Artıq Ermənistanla Türkiyə arasında uçuşlar başlayır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ərdoğanın Türkiyənin Baş naziri olduğu dövrdə Ermənistanla əlaqələrin bərpası istiqamətində bir sıra protokollar imzalanmışdı: "Türkiyə tərəfinin bu məsələdə iradəsi tam idi. Ancaq Ermənistan həmin protokolların icrasından boyun qaçıraraq ləğv etmişdi. Həmin vaxtdan sonra ən böyük problem Qarabağın işğalı idi. Dövlət başçısı Türkiyənin Azərbaycan xalqının uyğun bilmədiyi heç bir addımı atmayacağını deyirdi. Əgər Ermənistan iddalarından əl çəksə, regionda Rusiya, İran, Gürcüstanın da iştirakı ilə yeni reallıqların yaranması barədə Azərbaycan və Türkiyə prezidentlərinin bəyanatları var. “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Azərbaycanın da icazəsi ilə Ermənistanla normallaşma əlaqələri davam edir. Ümid edirik ki, uçuşlar başlayandan sonra hansısa təxribat olmaz. Bu, regiondakı sabitlik üçün mühümdür. Türkiyə həm Şuşa Bəyannaməsinə dəstək verir, həm də Ermənistanla normallaşma əlaqələri çərçivəsində regiondakı sabitlik üçün töhfəsini davam etdirir”, - o bildirib.