Ermənistana uzadılan “sülh əli”! - “Başa salmağa çalışırıq ki...”

“...Azərbaycana və ya Türkiyəyə qarşı düşmənçilik siyasəti yürütmək ilk növbədə, özlərinin xeyrinə deyil”

“Əgər köhnə siyasətlərini davam etdirsələr, “Dəmir yumruğu” başlarında görəcəklər”

"Ermənistana uzadılmış sülh əli var. Biz gözləyirik və ümid edirik ki, bu sülh əlinə qiymət veriləcək. Bu yolla biz sülhün təmin olunmasına çalışırıq".
“Sherg.az” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, firavanlıq təkcə Azərbaycan və Ermənistanda deyil, bütün Qafqazda hökm sürür.Artıq Azərbaycan, Ermənistan və Türkiyə üçlüsündə fərqli aspektlər yaranıb. Regionda sakitliyin, hətta sülhün yaranması üçün müxtəlif danışıqlar aparılır, görüşlər təşkil olunur. Ermənistan tərəfinin bu şəraiti necə dəyərləndirəcəyi məlum deyil. Rəsmi İrəvan Türkiyənin uzatdığı sülh əlini tutmasa...

Mövzu ilə əlaqəli “Sherg.az”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov həm Azərbaycan, həm Türkiyə tərəfinin müharibədən sonra sülhün yaranması, tərəflərə xeyir verməsi barədə çoxlu sayda çağırışlar və çıxışlar etdiyini bildirib:

“Bu da, bir növ həm Ermənistana, həm dünya ictimaiyyətinə mesajdır ki, Azərbaycan və Türkiyə bölgədə sülhün və əməkdaşlığın bərqərar olunmasını istəyir. O, cümlədən, konkret təfərrüatlar və layihələr barəsində artıq bəyanatlar verilib. Məsələn,  "3+3" platformasını misal göstərə bilərəm. Eyni zamanda həm rəsmi Bakı, həm də rəsmi Ankara həmişə bir-birinə dəstək verib”

T.Zülfüqarov tərəflərin Ermənistana reallığı göstərmək məqsədi olduğunu qeyd edib:

“Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi mövzusunda heç bir güzəştə getməyib,  heç bir həmləyə imkan verməyib. Bu baxımdan, hesab edirəm ki, Ermənistana sadəcə olaraq, reallığın hansı həddə olduğunu göstərmək istəyirlər. Başa salmağa çalışırlar ki, Azərbaycana və ya Türkiyəyə qarşı düşmənçilik siyasəti yürütmək ilk növbədə, özlərinin xeyrinə deyil. Bu cür bəyanatlar lazımdır. Bunların sonunda ermənilər doğru seçim eləsinlər. Əgər köhnə siyasətlərini davam etdirsələr, “Dəmir yumruğu” başlarında görəcəklər”.

Cəmilə ƏZİM