“Prezidentliyə namizəd Paşinyanla “çəkici eyni hədəfə vuracaq””

“Bu həm Nikol Paşinyanın hakimiyyətini gücləndirəcək, həm də sülh danışıqlarında, rəhbərlikdə vahid mövqeyin formalaşmasına xidmət edəcək”

Ermənistanda iqtidardakı  Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb. Bunu parlamentin sədri Alen Simonyan jurnalistlərə bildirib. Prezident Armen Sarkisyanın istefasından sonra dövlət başçısını müvəqqəti əvəz edən spiker qeyd edib ki, iqtidar partiyasında bir neçə nəfərin namizədliyi müzakirə olunduqdan sonra V.Xaçaturyanla bağlı razılığa gəlinib.Xatırladaq ki, A.Sarkisyanın 23 yanvar tarixində verdiyi istefa ərizəsi Alen Simonyan tərəfindən bu gün imzalanıb.

Düşmən ölkədəki siatysi mənzərəni şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a bildirib ki, V.Xaçaturyan Nikol Paşinyanın “əlini gücləndirəcək”:

“Yeni namizəd V.Xaçaturyan Nikol Paşinyanla eyni partiyadandır. Üstəlik namizədin baş nazirə çox yaxın adam olduğu bildirilir. Həm də bu şəxsin Levon Ter-Petrosyanın dövründə Nikol Paşinyanla birlikdə birinci prezidentlə müəyyən əlaqələri olub. Həmçinin, Xaçaturyan alimdir, yüksək texnologiyalar sahəsində mütəxəssis hesab olunur. İndiyə qədər bu sahədə nazir kimi fəaliyyət göstərirdi. Zənnimcə, keçmiş prezident Armen Sarkisyan qədər “Qarabağ klanı”na yaxın, revanşist əhval-ruhiyyə ilə yaşayan, sülh yaratmaq prosesini  pozmağa çalışan mövqey sərgiləməyəcək. Baş nazir Nikol Paşinyanla komanda prinsipinə uyğun olaraq çalışacaq”. 

Politoloq hesab edir ki, yeni namizəd Nikol Paşinyanla “çəkici eyni masaya vuracaq”:

“Baş nazir ilə Armen Sarkisyan arasında bir çox məsələlərdə, xüsusilə müdafiə nazirliyi sisteminiə kadr dəyişiklikləri ilə bağlı məsələlərdə qarşıdurmalar yaranırdı. N.Paşinyanın bəzi təqtimatları prezident tərəfindən təsdiq edilmirdi.  Amma indi, məncə, belə problemlər olmayacaq. Güman edirəm ki, onların hər ikisi çəkici eyni zindana vurmağa çalışacaqlar. Bu həm Nikol Paşinyanın hakimiyyətini gücləndirəcək, həm də sülh danışıqlarında, rəhbərlikdə vahid mövqeyin formalaşmasına xidmət edəcək”.

Çimnaz Şahlar