Aylı-ulduzlu zaman...

Şuşa Bəyannaməsi tarixə öz damğasını vurdu

Bu sənəd regionda baş verə biləcək fors-majorların qarşısının alınmasında böyük rol oynayacaq


   Milli Məclis tarixi Şuşa Bəyannaməsini təsdiqlədi və ortaq sənədlə bağlı daha bir hüquqi prosedur reallaşdı. Bu gün də Türkiyə Böyük Millət Məclisinin sənədi müzakirə edəcəyi gözlənilir. Dünyada gərginliyin günü-gündən artdığı bir vaxtda Şuşa Bəyannaməsinin qlobal, regional və ikitərəfli əhəmiyyətinin böyüklüyü bir daha təsdiqlənir. Dövlətlər hazırda terrordan, ərazi bütövlüyünün təhdid edilməsindən, separatçılıqdan əziyyət çəkir. Bu kimi hallar səbəbindən regional və beynəlxalq təhlükəsizlik də təhdid olunur. 

Təhlükəsizliyin təmin olunması, terrorçuluğa qarşı mübarizə, ərazi bütövlüyünün qorunması da bəyannamənin əsas istiqamətlərindəndir. Son illər Azərbaycanla Türkiyə təhlükəsizlik və ərazi bütövlüyünün təmin olunması məsələsində bir-birinə yardım və dəstəyi daha da artırıb. Hərbi sahədə əməkdaşlıq Şuşa Bəyannaməsinin müddəalarının reallaşması istiqamətində addımlar atıldığına əyani sübutdur. 

NATO-nun üzvü olan Türkiyə dünyanın aparıcı ordusuna malikdir. Onun bu üstünlüyündən Azərbaycan tərəfi də sənədə uyğun olaraq faydalanır. Fevralın 1-də Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Milli müdafiə naziri Hulusi Akarla görüşüb. Nazirlərin görüşündən sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıqdan danışan Hulusi Akar bildirib ki, Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Akar qeyd edib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil: “Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”. 

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da vurğulayıb ki, ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində islahatlar aparılır:

 “Prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol keçmişik. Əminəm ki, qısa zamanda Azərbaycan Ordusu öz döyüş qabiliyyətini artıracaq və ordu ilə birgə fəaliyyətə hazır olacaq”. 

Millət vəkili Sahib Alıyev deyib ki, parlamentin tarixində çox nadir hallarda hər hansı sənəd təqdimatdan dərhal sonra, özü də alqışlarla təsdiqlənir. 

Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi əsrlərin sınağından çıxan və təməlində “bir millət, iki dövlət” prinsipi duran, hər iki tərəfin təkcə marağını deyil, bir-birinə bağlılığını, doğmalığını özündə əks etdirən təbii müttəfiqlikdir: “ Türkiyənin Milli Qurtuluş Savaşında və Azərbaycanda daşnak-bolşevik cütlüyünə qarşı döyüşlərdə çiyin-çiyinə vuruşan babalarımızın da ruhunu şad etmiş olduq. Hər bir müttəfiqlik anlaşmasının əhəmiyyəti orada nələrin əksini tapması ila yanaşı, həm də nə zaman imzalanması ilə ölçülür.

 Şuşa Bəyannaməsi zamanında və rəmzi yerdə imzalanan sənəddir. Bu sənəd xalqlarımızın bir-birinə nə dərəcədə möhkəm bağlılığını təsbit etməklə yanaşı, həm də hər iki dövlətin rəhbərinin geosiyasi prosesləri necə dəqiqliklə görüb, ona adekvat reaksiya vermək, qabaqlayıcı addımlar atmaq  bacarıqlarını göz önünə sərdi. 

Aydındır ki, son 30 ildə beynəlxalq konyuktura norma və prinsipləri arxa plana atılaraq ancaq güc faktoru əsasında formalaşdırılır. Əvvəllər böyük güclər öz iradələrini ideoloji pərdə altında yeritməyə çalışırdılarsa, artıq o da yoxdur. Diplomatik etiket aradan götürülüb, az-çox gücü olan hər kəs hədəylə danışır. 

Şuşa Bəyannaməsi regionda baş verə biləcək fors-majorların qarşısının alınmasında böyük rol oynayır və gələcəkdə daha çox oyanacaq”.