Kreml məqsədli siyasət yürüdür

Rusiyanın yeni vətəndaşlıq qanunu Azərbaycana ciddi siqnaldır

Xankəndi və erməni separatçılarının nəzarəti altında qalan yanaşı bölgələrdə yaşayan erməniləri rus icmasına daxil edib onlara Rusiya vətəndaşlığı verəcəklər

   Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı sahəsində münasibətləri tənzimləyən qanun layihəsini Dövlət Dumasına təqdim edib. Sənədin mətni Dumanın elektron bazasında yayımlanıb. Rusiya Federasiyası hökuməti vətəndaşlıq haqqında prezidentin qanun layihəsini dəstəkləyib. "Sputnik Azərbaycan" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının elektron məlumat bazasında dərc olunmuş təşəbbüsə Nazirlər Kabinetinin cavabında deyilir. "Rusiya Federasiyası hökuməti qanun layihəsini dəstəkləyir", - deyə sənəddə bildirilir. 

Sənəd Rusiya vətəndaşlığına qəbul edildikdə 20-dən çox kateqoriyalı şəxslərə qoyulan tələblərin sayının azaldılmasını, habelə sadələşdirilmiş qəbul hüququ olan şəxslərin kateqoriyasını müəyyən etmək üçün dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bir müddət əvvəl bildirib ki, qanun layihəsi Dövlət Duması tərəfindən prioritet olaraq 2022-ci ilin əvvəlində nəzərdən keçiriləcək. 

Bu federal qanun Rusiya Federasiyasının vətəndaşlığı sahəsində münasibətləri, o cümlədən Rusiya Federasiyası vətəndaşlığının əldə edilməsi və ona xitam verilməsinin əsaslarını, şərtlərini və qaydalarını müəyyən edir. 
Vətəndaşlığa sadələşdirilmiş qaydada qəbul proseduru 20 kateqoriyadan olan şəxslərə şamil ediləcək. Onların arasında: Həmvətənlər (keçmiş SSRİ vətəndaşları və onların uşaqları, könüllü köçürmə proqramının iştirakçıları); Rusiyada yaxın qohumları olan vətəndaşlar;  Rusiya imperiyası təəbələrinin nəslindən olanlar və Sovet İttifaqı vətəndaşları. Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyasına Belarus, Ukrayna, Moldova və Qazaxıstan vətəndaşları daxildir. Prezident isə istisna hal kimi Rusiya vətəndaşlığını Böyük Vətən müharibəsi veteranlarına, Rusiyaya xüsusi xidmət göstərənlərə, peşəsinə və ya ixtisasına görə Rusiyanı maraqlandıran şəxslərə. Sərmayədarlar və ixtisaslaşmış mütəxəssislər isə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının alınması üçün müraciət edə biləcək şəxslərin kateqoriyasına daxil edilmir.

 Rusiya vətəndaşı ilə bağlanmış nikah meyarına əsasən sadələşdirilmiş Rusiya vətəndaşlığının əldə edilməsi yalnız həmin nikahdan uşaq doğulduğu halda mümkün olacaq. RF vətəndaşlığına xitam verilməsi qaydalarına da dəyişiklik edilib. Rusiya vətəndaşlığına xitam verilməsi institutu da tətbiq edilir və belə cəzanın veriləcəyi cinayətlərin siyahısı genişləndirilir. Məsələn, Rusiya Federasiyasının Prezidenti yaşayış yerindən asılı olmayaraq xarici vətəndaşların himayəsində olan və ya onlar tərəfindən övladlığa götürülmüş uşaqların Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsi haqqında qərarlar qəbul edir. Valideynlərinin (övladlığa götürənlərin) təşəbbüsü ilə Rusiya vətəndaşlığına xitam verilmiş bütün şəxslərin 18 yaşına çatdıqdan sonra beş il ərzində Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ var. Xitamla bağlı digər şərtlər də mövcuddur. Bizi maraqlandıransa Rusiya vətəndaşlığına qəbulun hansı səbəblərdən sadələşdirilməsidir. Səbəblər, əslində məlumdur. Qalır, sadələşdirmənin hansı məqsəd daşıması. 

Rusiyanın vətəndaşlığa qəbulla bağlı sadələşdirilmiş qaydalar tətbiq etməsi siyasətini “Şərq”ə şərh edən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli sözügedən ölkənin buna ehtiyacı olduğunu dedi: 

- Rusiyanın buna həm sosial ehtiyacı var, həm də burada gələcəyə hesablanmış siyasi məqsəd güdülür. Rusiya artıq uzun illərdir demoqrafik problemlə üz-üzədir. Nəsil artımı gərəkən səviyyədə deyil. Rusiyaya gənc, cavan qan, yeni nəsil - yeni qüvvələr lazımdır. Ona görə də vətəndaşlığa qəbulu sadələşdirməklə yeni nəsil əldə etməyə çalışırlar. Daha böyük məqsədsə məhz siyasidir. Siyasi məqsəd budur ki, Rusiya post-sovet məkanında təsir dairəsini daim artırmağa çalışır. Bir qanunla iki məqsədə çatmağı planlaşdırır. Rusiya Prezidenti Vladimir Putin əvvəllər də belə ifadə səsləndirib ki, keçmiş SSRİ məkanında yaşayanlar Rusiya vətəndaşı ola bilər. İndi isə bunun üçün hüquqi baza yaradırlar. Bununla keçmiş SSRİ respublikalarına geniş imkanlar yaradırlar ki, vətəndaşlar Rusiyaya gəlsin, vətəndaşlıq alıb bu ölkədə daimi məskunlaşsınlar. Hazırda digər dövlətlərdən, o cümlədən Azərbaycanda da Rusiyanın müxtəlif şəhərlərində yaşayan, işləyən, qazanc əldə edən minlərlə vətəndaş var. Onlara vətəndaşlıq almaq imkanı yaratmaqla Rusiya dövləti həm təəbələrinin sayını artırır, həm də lazım gəldikdə onlardan siyasi məqsədlər üçün istifadə etməyi, onların vasitəsilə həmin ölkələr daxilində siyasi planlarını həyata keçirməyi, ölkə daxilində möhkəmlənmək məqsədi güdür. Vətəndaşlıq əldə etməyin sadələşdirilməsi Rusiyada müvəqqəti yaşayıb işləyənlər üçün sərfəlidir, bizim üçün – Azərbaycan üçünsə yox. 

Ə.Məmmədli qanun layihəsində  Belarus, Ukrayna, Moldova və Qazaxıstanın adının xüsusi vurğulanmasına da toxundu: 
- Birincisi, bu dövlətlər Avrasiya İttifaqının üzvüdür. Belarus, ikinci rus dövləti hesab edilir.

 Bilirsiniz ki, belaruslarla ruslar eyni kökdəndir. Digər 2 dövlətdə isə Rusiya münaqişə alovu qalayıb; Moldovada Dnestryanı bölgə, Ukraynada Krım, Donbass problemi. Qazaxıstanda da etnik ruslar yaşayır. Bu qanun layihəsi Azərbaycana ciddi bir siqnaldır. 

Məlumdur ki, Qarabağda rus icmasının yaradılması məsələsi qaldırılır. Xankəndi və erməni separatçılarının nəzarəti altında qalan yanaşı bölgələrdə yaşayan erməniləri rus icmasına daxil edib onlara Rusiya vətəndaşlığı verəcəklər, sonra da ermənilər qalxıb deyəcək ki, “Rusiyaya birləşirik”. 

Bundan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını 100 desin, nə xeyri?!. Azərbaycan tamamilə haqlı şəkildə güc tətbiq etsə, Rusiya bunu öz vətəndaşlarına təhlükə hesab edəcək. Qısa vaxtda Azərbaycan Xankəndi problemini həll etməsə, Rusiya başımıza bu müsibəti açacaq. 

Azərbaycan hökuməti həmçinin sosial-iqtisadi vəziyyətin normallaşmasına da çalışmalıdır ki, soydaşlarımız Rusiya bazarlarından hazırkı dərəcədə asılı olmasın. Vətəndaşlıq almaq məcburiyyətində də qalmasınlar.