Faşizmin yaxşısı, pisi yoxdur

Partiya sədri: "Dünya birliyi alman faşizminə və erməni faşizminə münasibətdə ikili mövqe tutmamalıdır"

“Erməni faşizmi osminoqa bənzəyir. Biz 44 günlük müharibədə bu osminoqun başına yumruq endirib onu əzsək də, faşizm yenidən baş qaldırmağa cəhd göstərir”. Bunu “Şərq”ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, erməni faşizmi bu dəfə revanşizm formasında baş qaldırır: 

“Faşizmin nökərlərindən biri olmuş Njdenin Ermənistanda təbliğatı aparılır. Digər yandan Xocalı qatilləri Robert Koçaryan, Serj Sarkisyan və digər erməni faşistləri meydan sulayır, hakimiyyəti ələ keçirməyə çalışırlar. 

Erməni faşizminin təzədən baş qaldırmasına əsla yol vermək olmaz. Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində bu məqamı xüsusi vurğuladı.

 Dövlət başçısı erməni faşizminin bütün təzahürlərinin yer üzündən tamamilə silinməsi üçün digər ölkələri, beynəlxalq ictimaiyyəti Azərbaycanla həmrəy olmağa çağırdı. 

Bu, erməni revanşistlərinə Azərbaycanın dövlət başçısı səviyyəsində növbəti və həm də ən sərt xəbərdarlıq idi. Ermənistanda başa düşməlidirlər ki, Armen Sarkisyanın istefasından sonra revanşist qüvvələrin fəallaşması erməni xalqının özü üçün zərərlidir”. 

Ə.Hüseynov vurğulayıb ki, rəsmi İrəvan revanşistlərin baş qaldırmasına rəvac verən yanlış siyasətdən əl çəkməlidir: 

“Ermənistan real sülhə nail olunması istiqamətində təcili addımlar atmalıdır.

 Beynəlxalq ictimaiyyət isə erməni faşizminin rəhbər şəxsləri üzərində tarixi Nürnberq prosesinə bənzər hərbi tribunalın təşkil edilməsində Azərbaycana kömək etməlidir. Faşizmin formalarına, təzahürlərinə fərq qoyulmamalıdır. İnkarolunmaz həqiqətdir ki, faşizmin yaxşısı, pisi yoxdur.

Dünya birliyi alman faşizminə və erməni faşizminə münasibətdə ikili mövqe tutmamalıdır”.