“Macarıstan Türkiyə və Azərbaycana çox isti münasibət bəsləyir”

“Macarıstanda hakimiyyətdə olan siyasi partiya özünü qədim türk kökənli toplum olduğunu əsas götürür”

“Bu ölkə rəhbərliyi  dəfələrlə vurğulayıb ki, Azərbaycanla, eyni zamanda digər türk dövlətləri ilə sıx əlaqələr qurmaq istəyir”

“Bu mənada Macarıstan xarici işlər nazirinin ölkəmizə gəlişi həm ictimaiyyət, həm də dövlət tərəfindən çox müsbət qarşılanır”


Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib. Nazir ilk olaraq Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında iştirak edib. İclasdan sonra Komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun brifinqi, Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.

Siyasi elmlər doktoru Sabir Məmmədli  son illərdəki  Macarıstan-Azərbaycan münasibətlərindən “Sherg.az”a danışarkən bildirib ki, bu ölkə xeyli müddətdir  türk dövlətləri ilə sıx əlaqələr saxlamağa çalışır:  

“Bunun davamı olaraq o hətta Türk Dövlətləri Birliyinə müşahidəçi status əldə edib. Macarıstanda hakimiyyətdə olan siyasi partiya özünü qədim türk kökənli toplum olduğunu əsas götürür. Bununla əlaqədar olaraq da həmişə türk dövlətlərinə o cümlədən Türkiyə və Azərbaycana çox isti münasibət bəsləyir. 

Macarıstan rəhbərliyi  dəfələrlə vurğulayıb ki, Azərbaycanla, eyni zamanda digər türk dövlətləri ilə sıx əlaqələr qurmaq istəyir. Bu mənada Macarıstan xarici işlər nazirinin ölkəmizə gəlişi həm ictimaiyyət, həm də dövlət tərəfindən çox müsbət qarşılanır”.

S.Məmmədli diqqətə çatdırıb ki, hazırda bir sıra Avropa ölkələri yanacaq və təbii qaz problemi yaşayır. Onun sözlərinə görə, bu səbəbdən bəzi dövlətlər, o cümlədən Macarıstana qonşu olan Bolqarıstan Azərbaycandan təbii qaz tədarükü məsələsini həmişə diqqətdə saxlayır:

“Macarıstan Avropa İttifaqının üzvüdür. Nəzərə alsaq ki, Aİ-nin rəhbərliyi bir neçə il əvvəl Azərbaycanla təbii qaz tədarükü məsələsində danışıqlara başlayacağını demişdi. Çünki  hazırda Avropa ölkələrinin təbii qaza tələbatı kifayət qədər böyükdür. Belə məqamda Rusiyanın Şimal Axını -1 vasitəsilə təqdim etdiyi təbii qaz onlara kifayət etmir.

Bu mənada sözsüz ki, həm Aİ, həm də onun ayrı-ayrı üzvləri Azərbaycanla əməkdaşlıq və ticarət əlaqlərinin dərinləşməsi məsələsinə çox böyük önəm verirlər”. 

Professor eyni zamanda  Macarıstan xarici işlər nazirinin ölkəmizə səfəri çərçivəsində tərəflər arasınada ticarət və strateji əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.