Təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq - ŞƏRH

"Qara qutu"nun deşifrə olmasının və açıqlanmasının bu qədər uzanması ölkələrarası müzakirələrin davam etməsi ilə bağlıdır”

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq. Onun sözlərinə görə, Braziliyaya göndərilən "qara qutular"ın oxunması prosesi başa çatıb və onlar geri qaytarılıb: "Bu, genişmiqyaslı beynəlxalq səviyyəli işdir. Növbəti həftə ölkəmizin Nəqliyyat Nazirliyi ilkin nəticələri ictimailəşdirəcək. ICAO-nun tövsiyəsinə uyğun olaraq, ilkin nəticələr hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmalıdır. Bir sıra çətinliklər var, amma komissiya işini vaxtında yekunlaşdırmalıdır. Eyni zamanda Qazaxıstanın Baş Prokurorluğu tərəfindən də cinayət işi açılıb. Nəqliyyat prokuroru Timur Süleymenovun nəzarəti altında aparılıb. Həmin cinayət işi üzrə ballistik və partlayış-texniki ekspertizalar keçirilib. Hazırda bu istiqamətdə də istintaq davam edir". 

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Kanat Bozumbayev deyib ki, dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir. Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var: "Qazaxıstan üçün burada gizlədəcək bir məsələ yoxdur. Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutu"larının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib. "Qara qutu"ların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin". 

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a deyib ki, təyyarənin "qara qutu"sunun deşifrə olmasının və açıqlanmasının bu qədər uzanması ölkələrarası müzakirələrin davam etməsi ilə bağlıdır. Partiya rəsmisi qeyd edib ki, ölkələr dedikdə, söhbət Azərbaycan və Rusiya tərəfindən gedir: 

"Yəni Azərbaycan öz haqqını almaq istədiyi kimi Rusiya da özünü qorumağa çalışır. Danışıqlarda yekun nəticə olmadığına görə, nəticənin açıqlanması yubanır. Əlbəttə, nəticələr açıqlandıqdan sonra yekun qərarlar da veriləcək. Fikrimcə, ümumi qərara gəlinəcək və Rusiya-Azərbaycan münasibətləri olduğu kimi davam edəcək. Siyasi reallıqları da nəzərə almalıyıq. Faciə baş verdi, insanlar həyatını itirdi. Vəfat edənlərə Allah rəhmət eləsin, yaralılara şəfa versin. Hər halda Rusiyaya müharibə elan edəsi deyilik. Dövlətimiz bu məsələdə əlindən gələni etdi, yüksək diqqət göstərdi. Rusiya Prezidenti V.Putinin təyyarə məsələsinə görə üzrxahlıq etməsinin özü belə çox böyük hadisədir. Biz bu məsələdə Rusiya kimi bir ölkə ilə baş-başa gəldik. Baş vermiş hadisədə və sonrakı dönəmdə dövlətimizin mövqeyini düzgün hesab edirəm. Ortada müəyyən nəticələr var. Yəqin ki, ölkə rəhbərinin vurğuladığı digər məqamlar da həllini tapacaq. Qazaxıstan bu məsələdə neytral mövqedədir. Braziliya da məlumat və "qara qutu" məsələsində köməklik göstərə bilər. Bir daha deyirəm, məsələ iki tərəf - Azərbaycan və Rusiya arasında çözüləcək".