Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək
Paşinyan Rusiya ilə bağlı yumşaq ifadələri ilə Kremldən gələn və gələcək təzyiqləri azaltmağa çalışır
Ermənistan Rusiya və Avropa İttifaqı (Aİ) ilə münasibətlərində balansı qoruyub saxlayacaq. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində bildirib. Baş nazirin sözlərinə görə, birtərəfli əməkdaşlıq təkcə Ermənistan üçün deyil, həm də regional və qlobal sabitlik üçün çox ciddi nəticələrə səbəb ola bilər. Ermənistan parlamentinin spikeri Alen Simonyan da deyib ki, Ermənistanın AB ilə ümumi sərhədi yoxdur, lakin onun Rusiya ilə də ümumi sərhədi yoxdur, lakin bu, Rusiyaya Gömrük İttifaqına qoşulması üçün Ermənistanın ovaxtkı hakimiyyətinə təzyiq göstərməsinə mane olmadı: "Ərzaq təhlükəsizliyi və iqtisadi qarşılıqlı asılılıq mühüm komponentlərdən biridir. Ancaq söhbət bununla bağlı deyil. Dəyərlər sistemi odur ki, biz hansı ölkəni qurmaq istəyirik. Bu bizim seçim məsələmizdir. Seçkilərin, hüquqların və azad medianın olmadığı bir avtoritar ölkəmiz ola bilər. Və çətinlikləri olan, lakin azad və yüksək səviyyədə demokratiyaya malik ölkəyə sahib ola bilərik. Biz artıq beynimizdə bu seçimi etmişik və gələcəkdə zərurət yaranarsa, bunu seçkilər və ya referendumla yenidən təsdiq edəcəyik".
Ermənistan baş nazirinin açıqlamasını "Sherg.az"a dəyərləndirən politoloq Turab Rzayev baş nazirin səmimiyyətinə inanmadığını deyib. Ekspertin sözlərinə görə, Paşinyan nə qədər Rusiya-Qərb arasında balansı qoruduğunu iddia etsə də, reallıq tamam başqadır:
"Paşinyan fərqindədir ki, onun hakimiyyətinə böyük təzyiqlər olacaq. Rusiya Ermənistandakı müxalif güclərdən istifadə etməklə ölkədə qarışıqlıq, gərginlik yarada, təxribatlara gedə bilər. Yəni İrəvan hökumətinə ciddi problemlər yaratmaqla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışa bilər. Paşinyan məhz bu təzyiqlərdən yaxa qurtarmaq üçün Rusiyaya qarşı reverans edir. Çalışır ki, hansısa şəkildə Rusiya Paşinyana qarşı təzyiqləri azaltsın. Bəllidir ki, Ermənistan öz ərazilərindən rus qoşunlarını çıxarıb, onun əvəzinə ABŞ ilə strateji müttəfiqlik bağlayıb. Üstəlik, Avropa İttifaqının "mülki missiyası" da fəaliyyət müddətini 2 il uzatmaq qərarına gəlib. Ermənistan hökuməti rus hərbi bazaları ilə bağlı da təhlükəli manevrlər edir. Aİ-nin missiyasının gələcəkdə İran və Türkiyə sərhədlərində də dayanacağı deyilir. Göründüyü kimi Qərb Türkiyə ilə sərhəddə də Rusiyanı əvəzləməyə çalışır. Bütün bunların qarşılığında Rusiya sakit, səssiz dayanmayacaq. Moskva Paşinyan qisasını almağa, onu devirməyə çalışacaq. Rusiya nə qədər çalışsa da, İrəvan hökuməti KTMT-nin öz qoşunlarını bölgədə yerləşdirməsinə icazə vermədi".
Analitik əlavə edib ki, Paşinyan Rusiya ilə bağlı yumşaq ifadələri ilə Kremldən gələn və gələcək təzyiqləri azaltmağa çalışır: "Ermənistanın iqtisadi vəziyyəti nisbətən normallaşıb. Bu normallaşmanın səbəbi isə Rusiya ilə artan ticarət dövriyyəsidir. Ermənistan üzərindən 20 milyard dollara yaxın mal tədarük olunur. Təbii ki, Ermənistan bu qədər məhsulu idxal edə bilməz. Çindən, Avropadan, BƏƏ-dən gələn məhsullar Ermənistan üzərindən qanunsuz dövriyyəyə buraxılır. Bu da Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. İndiki halda Ermənistan bu üstünlüyü itirməyə hazır deyil. Paşinyan əhaliyə sosial rifah sözü verib. Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə, Paşinyanda görəcək. Ona görə də Paşinyan Rusiyanın düşdüyü vəziyyətdən istifadə edərək iqtisadi dividendlər əldə edir".