Paşinyanın qeyri-real vədləri: Minsk qrupunun ləğvi önəmli məsələlər sırasındadır

ATƏT-in Minsk Qrupunun ləğvi vacibdir. Bunu xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri üçün Bakıda təşkil edilmiş iftar tədbirində çıxış edərkən deyib. 
Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazir çıxışı zamanı Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
 Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz bir daha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk Qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Azərbaycanın əsas tələbi hələ də qüvvədə qalır:

“Bu tələblərin yerinə yetirilməsi bölgədə sabitliyin qorunması üçün vacibdir. Ermənistanın konstitusiyasında Azərbaycana ərazi iddiası olan bənd çıxarılmalıdır. Düzdür, sülh sazişinin mətni razılaşdırılıb. Amma konstitusiyaya düzəlişin edilməsiylə bağlı tələblərimizdən imtima etməmişik. Eyni zamanda Minsk qrupunun ləğvi də önəmli məsələlər sırasındadır. Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişi imzalandıqdan sonra Minsk qrupundan imtina edəcəklərini söyləyib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi Ermənistanın vədlərinə inana bilmərik. Çünki Ermənistan hakimiyyəti dəfələrlə razılaşmalardan geri çəkilib və müxtəlif siyasi oyunlarla vaxt udmağa çalışıb. Avropa İttifaqının müşahidə missiyası və ATƏT-in Minsk qrupunun ləğvi, konstitusiya məsələləri rəsmi sənədlərdə öz təsdiqini tapmalıdır. Çünki Ermənistanın daxili siyasi sabitliyi zəifdir və Paşinyan hər an devrilə bilər. Belə olan halda ondan sonra hakimiyyətə gələn şəxs razılaşmalardan imtina edə bilər və yenidən münaqişə alovlanar. Buna görə də sülh sazişi təkcə Paşinyanın vədlərinə əsaslanmamalı, Ermənistanın hüquqi sisteminə daxil edilməlidir. Əks halda, Ermənistanın yeni təxribatları qaçılmaz olacaq. Azərbaycan isə buna sərt cavab verməyə hazırdır”.