Novruzun Fəlsəfəsi: İlaxır Çərşənbə ilə Bahara Doğru

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.
Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. 
Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.


AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil “Sherg.az”a bildirib ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət nümunəsidir:

“Keçmişdə olduğu kimi bu gün də  Azərbaycanda  Novruz mart ayının 21-də  bahar bayramı kimi qeyd olunmaqdadır. Novruz bayramının tarixi haqqında müxtəlif fikirlər var. Bu fikirlərin hər biri bayramın xarakteri və tərkibindəki mərasimlərlə əlaqəli olaraq irəli sürülüb. Novruzun əsasında əski xalq mərasimləri dayanır. Baharın, yazın gəlişi ilə bağlı keçirilən mövsüm mərasimi kimi bu bayram çox qədim zamanlardan mövcud olub. Novruzun əsas mahiyyətini təşkil edən yaz fəslinin gəlişi bayramı ən qədim dövrlərdə var idi. Mədəniyyətin müxətlif nümunələri bunu təsdiqləyir. Çin mənbələrinə görə, baharın gəlişi ilə bağlı mərasimlər “Yengi Kün” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi Simaşen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə-Novruzda bayram keçirdiklərini qeyd edib. 1074-1075-ci illərdə   İsfahan, Bağdat, Rey ve Nişaburda rəsədxanalar qurduraraq bir təqvimin təsbitini əmr edən böyük Səlcuqlu sultanı Məlikşah Cəlali təqvimi deyilən bir türk təqvimi hazırlatdırıb. Bu rəsədxanalarda Ömər Xəyyam, Əbül Müzəffər İsfirazı, Mömin ən Nəcib əl Vasti kimi dövrün alimləri işləyib. Qısa bir müddət işlənən (Məlikşahın ölümünə qədər) bu təqvimə Sultanın adına görə „Cəlaliyə“, „Tarixi-Cəlali“, və ya „Tarixi Məliki“ adları verilib. Günəş ilini əsas götürən Cəlali təqvimində günəşin qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul edilmişdir. Səlcuqlulardan sönra bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim üzərində düzəlişlər edilmiş və „Tarixi Elxan“ adı verilən bir təqvim meydana gəlmişdir. Ölkəmizdə Novruz qədim zamanlardan başlayaraq yazı qarşılama mövsüm mərasimi kimi təntənə ilə qeyd olunub”.

Ekspertin sözlərinə görə Novruzun fəlsəfəsi xeyirxahlıq, barış və  sosial paylaşmadır:
“Qışla-yazın, Xeyirlə-Şərin mübarizəsi kimi anlaşılmış və Novruz xeyirxah bir başlanğıc kimi qəbul edilib.  Novruzun gəlişi ilə təbiətdə dirilmə, canlanma və yenilənmə baş verir. Təbiətədki yenilənmə cəmiyyətdəki yenilənməyə təkan verir, sosial-mədəni institutlar aktivləşir və nikbin ehtiyatlar cəmiyyətin bütün üzvləri üçün səfərbər edilir. Bayram bir mənəvi səfərbərlik hadisəsi kimi cəmiyyətin həyatına daxil olub və bu gün də özünün fələsəfəsinə sədaqətini davam etdirməkdədir. Folklorda Novruzla bağlı nümunələr müxəlif şəkildədir. Mifologiyada təbiət kultları, mərasim folklorunda inisiasiya xarakterli rituallar və oyunlar, mövsüm mərasimi nəğmələri, aşıq şeirində bahar motivləri və s. şəklində Novruz bayramının əsasları öz əksini tapır. Novruz bayramı qədim xalq inancları ilə bağlıdır.  Buraya ilk növbədə “ölüb-dirilmə” ilə bağlı  qədim xalq inancı aiddir. Bayramın dini bir bayram olmadığı məlumdur. Meri Boysun əsərində Zərdüştlük dövründə də keçirilən bayram mərasimləri içərisində Novruz adlı bayram olmuşdur. Lakin bu bayram zaman və funksiya baxımından bahar bayramı olan Novruzla üst-üstə düşmür. Novruzun kökləri, ritualları və təbiətlə bağlı izlərinin zərdüştlük Yeni ilindən gəldiyi haqqında mülahizələr var. İnanclara görə, həmin gün xalq qışın əziyyətlərindən xilas olur, mal-qarasını saxlamaq üçün daha rahat şərait yaranmasına sevinir. Mövsüm mərasiminin mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və Yeni il başlanır”.