Ərdoğanın Ukrayna səfərinin GİZLİNLƏRİ:“Masada rəsmi Kiyev üçün yeni fürsət...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə rəsmi danışıqlar aparmaq üçün Kiyevə gedib. Borispol hava limanında səlahiyyətlilər tərəfindən qarşılanan Ərdoğan və onu müşayiət edən həyat yoldaşı Əminə Ərdoğan xüsusi çörəyə qonaq edilib.

Türkiyə lideri rəsmi səfəri çərçivəsində Naməlum Əsgər abidəsi önünə əklil qoyacaq və Marinski sarayında rəsmi qarşılanma mərasimindən sonra Zelenski ilə təkbətək görüşəcək. Daha sonra Ərdoğan Yüksək Səviyyəli Strateji Şuranın Onuncu Toplantısına qatılacaq. Görüşdən sonra sazişlərin imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

Səfərin gizlinlərini “Sherg.az”a şərh edən analitik, siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, R.T.Ərdoğanın Ukraynaya səfəri əslində Prezident İlham Əliyevin səfərinin davamıdır:

“Ukrayna –Rusiya arasında vasitəçi olmaq  məsələsində təkcə Türkiyə yox, həm də Azərbaycan iştirak edir. Zelinski Brüsseldə Azərbaycan Prezidenti ilə görüşündə xahiş etmişdi ki, Azərbaycan tərəfi əsirlərin qaytarılması prosesində kömək etsin. Çünki bizim Rusiya ilə münasibətlərimiz var. Bu məsələnin humanitar tərəfi idi. Bu həm də başlanğıc idi. Adətən vasitəçilik işləri  humanitar məsələlərlə başlayır, daha sonra siyasi məsələyə keçid edir. Düşünürəm ki, bu prosesdə Ankara və Bakı məsələnin irəliyə doğru addım atmasına səbəb olacaq yeganə tərəflərdir. Çünki həm Azərbaycan, həm də Türkiyənin Rusiya və Ukrayna ilə yaxşı münasibətləri var. Türkiyə və Azərbaycan  iki ölkə arasında vasitəçi olmaq istəyir”.

Analitik qeyd edib ki, bu prosesdə bütün ölkələrin öz marağı var:

“Türkiyənin əsas marağı və narahatlığı Rusiya və ABŞ-nin Ukrayna üzərindən  qarşıdurmasının Qaradəniz bölgəsində ciddi problemlər yaratmasıdır. Çünki əgər Qaradəniz bölgəsində qarşıdurma yaranarsa, Şərqi Aralıq dənizindəki prosesin burada təkrarlanmasına gətirib çıxara bilər. Şərqi Aralıqda qarşıdurmadan sonra qərb ölkələri – Amerika, Fransa bölgəyə Yunanıstan üzərindən müdaxilə etdi.  Türkiyə bunu istəmir və çalışır ki, Ukrayna və Rusiya Türkiyə masasında hər hansısa bir anlaşma əldə etsin.
Azərbaycan tərəfi isə təbii ki, müharibədən sonra regionda güc olaraq önə çıxır. Qarabağ məsələsinin həlli göstərdi ki, bu cür münaqişələrdə irəliləyiş əldə etmək üçün  region ölkələrinin iştirakı daha çox səmərə verir. Bu baxımdan Azərbaycan və Türkiyə bu prosesdə aktiv rol oynayırlar”.

Siyasi şərhçi Bakı və Ankaranın vasitəçilik etməsinin bir başqa səbəbini də açıqlayıb:

“Bakı və Ankaranın burada aktiv rol oynamasının bir başqa səbəbi də Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlıdır. Çünki bu təşkilat ciddi şəkildə inkişaf edir. Burada türk dilli ölkəkələrlə yanaşı, digər türk dilli olmayan ölkələrin də müşavirəçi statusda təmsilçiliyi var. Ukraynanın da bu təşkilata üzv olmaq istəyi ortadadır. Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada Azərbaycan və Türkiyə yeni bir regional güc kimi ortaya çıxır. Bu prosesin əslində əsas hədəfi də məhz elə, bu coğrafiyada Türk Dövlətləri Təşkilatının çətiri altında yeni bir güc formalaşdırmaqdır”.

A.Nərimanlı Rusiyanın Türkiyənin prosesdə vasitəçilik etməsindəki marağını açıqlayıb:

“Moskva təbii ki, bu prosesdə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinin marağında olmaya bilər.  Lakin Qarabağ məsələsi, ümumiyyətlə, Rusiya – ABŞ qarşıdurması göstərdi ki, Kreml bir çox regionu qərblə paylaşmaqdansa, daha anlaşa biləcəyi Türkiyə ilə paylaşmaqda maraqlıdır. Biz bunu Cənubu Qafqazda gördük. Bu baxımdan Ərdoğanın Kiyevə səfərinin və vasitəçi olmaq istəyinin perspektivi var. Çünki belə olan halda Ukrayna üzərində Qərbin təsiri azalır”.

Bu məsələdə Ukraynaya gələcək  xeyirlərdən danışan siyasi ekspert diqqətə çatdırıb ki, Zelenski hakimiyyəti bu yolla bir sıra maraqlarına çata bilər:

“Digər tərəfdən, bu Ukraynanın da marağındadır. Çünki Ukrayna anlayır ki, Qərb-Rusiya masasında faktiki olaraq onun heç bir qazancı yoxdur. Alternativ masanın yaranması Ukrayna üçün müəyyən bir  irəliləyiş vəd edə bilər. Təbii  ki, söhbət burada Krımın dərhal Ukraynaya qaytarılmasından və yaxud münaqişənin dərhal həll olunmasından getmir. Amma ən azından bütün ölkələrdə hakimiyyətlər müəyyən bir hədəfə nail olmaq istəyir. Zelenski hakimiyyəti də çalışır ki, alternativ masa ilə münaqişənin həllində, ən azından Donbass və Luqanskda irəliləyiş  əldə etdi. O cümlədən, Zelenski bu yolla əsrlərin qaytarılmasına nail ola bilər. İllərdir, davam edən “Normand formatı” var ki, burada heç bir irəliləyiş yoxdur. “Normand formatı” Amerikanı bölgəyə buraxmamaq üçün Avropa və Rusiyanın bir növ bu məsələni monopoliyada saxlamasına gətirib çıxarıb.  Nəticə olaraq, Ukrayna heçnə qazanmır. Əslində son qarşıdurmada ciddi iqtisadi itkiyə gətirib çıxardı. Yəni Ukrayna burada qurban rolunda olur. Lakin Türkiyənin qura biləcəyi masada Ukrayna üçün yeni bir fürsət yarana bilər.

 Fikrimcə, Qarabağ münaqişəsinin həllindən sonra Rusiyada belə bir fikir formalaşır ki, post-sovet məkanındakı münaqişələri region ölkələri ilə müzakirə edib həll etmək daha sərfəlifir. Çünki bilirik ki, Rusiya Ukrayna ilə olan münaqişələrə nəzarət etsə belə, onun üçün əlavə təzyiq dalğası yaradır. Düşünürəm ki,  Azərbayacan və Türkiyənin quracağı masada Rusiya və Ukrayna məsələsinin müəyyən irəliləyiş etməsi üçün perspektiv var. Ərdoğanın Kiyevə səfəri və yaxın günlərdə baş tutacaq V.Putinin Ankaraya səfəri göstərir ki, artıq bunlunla bağlı irəliləyiş var”.

Çimnaz Şahlar