“Erməni baş nazir Qərbin məhsuludur. Avropa İttifaqının (Aİ) Qərbdəki liberal çevrələrin köməyi ilə hakimiyyətə gəlib”
“Onun Qərbdəki liberal qüvvələrlə, xüsusilə Fransa Prezidenti Emmanuel Makronla çox yaxın münasibətləri, ailəvi dostluqları var”
“Bundan əvvəl də Paşinyan bir neçə dəfə Rusiya ordusunun Ermənistandan çıxarılmasını, rus bazarlarının ölkədən xaric edilməsi ilə bağlı fikirlər yürüdüb”
Ermənistan polisinin rəisi Vaqe Kazaryanın dəvəti ilə 2 - 4 fevral tarixlərində Ermənistana səfər edən Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri, baş nazir Nikol Paşinyanla da görüşüb.
24News.ge xəbər verir ki, Ermənistan mətbuatı isə bu səfər çərçivəsində baş vermiş qalmaqalla çalxanıb.
Belə ki, rəsmi görüşlərdən əlavə gürcü nazir həmkarı və Ermənistan baş naziri ilə qeyri-rəsmi nahar masasına əyləşib. Bu məclis sözün əsl mənasında Ermənistan hökuməti üçün böyük rüsvayçılığa çevrilib.
Erməni baş nazir nahar zamanı çox içdiyi üçün sərxoş vəziyyətə düşüb. Bundan sonra isə o, Rusiya Prezidenti Vladimir Putin, KTMT və ümumiyyətlə Moskvanın həyata keçirdiyi siyasətlə bağlı sərt fikirlər səsləndirməyə başlayıb.
Sözügedən vəziyyətdən gürcü nazir şoka düşüb. O, Nikol Paşinyanın başqa bir dövlətin nümayəndəsinin yanında Rusiya prezidentinin ünvanına bu cür fikirləri necə səsləndirə bilməsindən heyrətə gəlib.
Gürcü nazir əsl dövlət xadimi kimi davranaraq bu cür vəziyyəti özünə yaraşdırmayıb və artıq Paşinyanın Putinlə bağlı təhqirlərini eşitmək istəmədiyini bildirib. O, erməni həmkarı Vaqe Kazaryandan ya Paşinyanın, ya da özünün məkanı tərk etməli olduğunu söyləyib. Nəticədə sərxoş vəziyyətdəki Nikol Paşinyan masanı tərk edib.
Vəziyyətlə bağlı "Sherg.az"a danışan analitik Turab Rzayev bunu siyasi gediş kimi qiymətləndirib:
"N.Paşinyan fürsətdən istifadə edərək, Rusiya, KTMT haqqında olan düşüncələrini erməni cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırır. Əslində Paşinyan Qərbin məhsuludur. Avropa İttifaqının (Aİ) Qərbdəki liberal çevrələrin köməyi ilə hakimiyyətə gəlib. Onun Qərbdəki liberal qüvvələrlə, xüsusilə Fransa Prezidenti Emmanuel Makronla çox yaxın münasibətləri, ailəvi dostluqları var. Bundan əvvəl də Paşinyan bir neçə dəfə Rusiya ordusunun Ermənistandan çıxarılmasını, rus bazarlarının ölkədən xaric edilməsi ilə bağlı fikirlər yürüdüb. Rəsmi İrəvanda Rusiyadan qaçma meylləri var. Noyabr ayında Putin onu Soçi görüşünə dəvət edəndə Paşinyan Aİ-yə səfəri üstün tutmuşdu. Brüsseldən vasitəçilik xahiş etmişdi. Məcbur olduğuna görə bəzən rəsmi Moskvanın şərtləri ilə barışmağa razılıq verir".
Siyasi şərhçinin sözlərinə görə, belə minvalla ölkədə antirus əhval ruhiyyəsi hiss edilir:
"Paşinyan müharibədə biabrçı formada məğlub olsa da, yenidən baş nazir seçilməsi erməni cəmiyyətinin Rusiyaya və onun himayə etdiyi şəxslərə, keçmiş “Qarabağ klanı”na nifrət bəslədiyini göstərir. Hazırda Paşinyanın əsas məqsədi sərxoşluqdan yararlanıb real fikirlərini xalqa çatdırmaqdır. Ən azından erməni xalqı Paşinyanın Rusiyanı bəyənmədiyini bilir.
Belə bir məsələnin mətbuata sızdırılması Paşinyanın əleyhdarlarının işidir. Onun etibarlı tərəfdaş olmadığını anlatmağa çalışırlar, qıcıqlandırırlar. Putin özünə qarşı hörmətsizlik edən şəxslərə qarşı kin saxlayır.
Həmçinin Paşinyanın ciddi dövlət adamı olmadığını, içib özünü itirdiyini və s. informasiya yaymaqla onu ictimaiyyətin gözündən salmağa cəhd göstərirlər".