Türkiyəli politoloq:"Ukraynanın parçalanması qaçılmazdır"


Rusiya ilə Ukrayna arasında gərginlik davam etməkdədir. Bu məsələ artıq nəinki regionun, dünyanın əsas problemlərindən birinə çevrilib. Ayrı- ayrı dövlət başçıları böhranın diplomatik yolla həllinə çalışırlar. Lakin kimlərin səmimi olduğu, kimlərinsə ancaq öz ambisiyalarını düşündüyü və vaxtı gələndə mövqeyini dəyişəcəyi sual altındadır. Əsas məsələ odur ki, səfərlər, zənglər, xəbərdarlıqlar davam edir. Moskva ajiotaja ehtiyac olmadığını deyir, Vaşinqton  Kremli günahlandırır. Kiyev isə soyuqqanlı davranır. Bəs hansı haqlıdır? 

Bu barədə türkiyəli politoloq, professor Yaşar Onay fikirlərini "Sherg.az"la bölüşdü: "Rusiya ilə Ukrayna arasındakı gərginliyin müharibə ilə nəticələnəcəyini düşünmürəm. 

Amma sərhəddə toqquşmalar ola bilər. Nəzərə almaq lazımdır ki, Qərblə NATO fərqli anlayışlardır. NATO- da qərarlar səs çoxluğu ilə qəbul olunur. Odur ki, savaş başlayacağı təqdirdə bu qurumun Kiyevin yanında olacağına inanmıram. ABŞ və Böyük Britaniya isə Rusiya ilə hərbi toqquşmaya getmək istəməzlər. Zənnimcə, tərəflər bir- birilərini sınayırlar. Çünki ehtimal edilən savaş bütün dünyaya təsir göstərər. Bunu isə kimsə istəməz. Türkiyənin fəallığını də bu prizmadan qiymətləndirmək lazımdır. Çünki Türkiyə potensial bir savaşın dünyanı və regionu alt- üst edəcəyindən narahatdır. Bildiyiniz kimi, Ərdoğan həmkarlarını Türkiyəyə dəvət edib. Fəqət, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərindən sonra ukraynalı həmkarı Vladimir Zelenski ilə Türkiyədə görüşəcəyi ağlabatan deyil. Putin bunu zəiflik kimi dəyərləndirə bilər". 

Professorun fikrincə, Ukrayna gələcəkdə daha böyük təhlükələrlə üzləşə bilər: 

"Fransa özünü hələ də vacib dövlət hesab edir. Amma o dövr geridə qalıb. Putin- Makron görüşünün nəticəsi olmayacaq. Ümumiyyətlə, proseslərdə üç əsas tərəf var: Rusiya, ABŞ və Böyük Britaniya. Hadisələr bir müddət de belə davam edər, sonra gərginlik tədricən azalar. Lakin Ukraynanın indi olmasa belə, gələcəkdə parçalanması qaçılmazdır. Özü də təkcə ərazi baxımından yox, dini və etnik cəhətdən da parçalanacaq. Əsl problem onda başlayacaq".

Kənan Novruzov