Hərbi əməliyyatlar heç bir tərəfə sərf etmir

Makron Zelenski ilə görüşdə vəziyyətin stabilləşməsi üçün Putinin istəklərini çatdırıb

"Fransa və Almaniya Rusiya ilə Ukrayna arasında həyata keçirdiyi barışdırma missiyasında səmimidir"

 
   Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirildi. Görüş Marinski sarayında baş tutub. İki saat çəkən görüşdə Ukrayna ilə bağlı gərginlik və sülh prosesi müzakirə edilib. Zelenski deyib ki, Ukrayna və dünya üçün təhlükəsizlik çağırışları ilə bağlı Fransa prezidenti ilə baxışları ümumidir: “Fransa regionumuz və bütün Avropa İttifaqı üçün vacib ölkədir. Fransa hökuməti makromaliyyə üçün Ukraynaya 1,2 milyard avro ayırır. Bu, dövlətimizə dəstək baxımından güclü addımdır”. 

Prezident qeyd edib ki, Makron Ukrayna üçün çox şey edir: “Sülh prosesi bugünkü danışıqlarımızın əsas məsələlərindən biri idi. Gözləyirik ki, yaxın gələcəkdə hələ 2019-cu ilin dekabrında Paris Sammiti zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, liderlərin növbəti danışıqları keçirilsin. Bu yolda mühüm addım siyasi məsləhətçilər səviyyəsində dialoqun intensivləşdirilməsidir. Çox uğurlu bir görüş oldu. İkinci görüşü səbirsizliklə gözləyirik. Ümid edirik ki, yanvarın 26-da Berlində keçiriləcək görüşdəki danışıqlar bizi Normandiya sammitinə yaxınlaşdıracaq”. Öz növbəsində, Makron bildirib ki, Fransa və Almaniya Ukrayna münaqişəsinə son qoymaq üçün vasitəçilik səylərinə sadiqdirlər. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Minsk razılaşmalarını yerinə yetirməyə davam edəcək. Makron qarşıdakı ayda tətbiq olunacaq bəzi yeni təhlükəsizlik mexanizmlərinin hazırlandığını da açıqlayıb. 

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Moskva ilə Kiyev arasında effektiv vasitəçi olmaq seçkiqabağı bir vaxtda Emmanuel Makron üçün çox vacibdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Makron həm də Avropa İttifaqına sədrlik edən ölkənin başçısıdır. Analitik bildirib ki, Makron Zelenski ilə görüşdə Donbass ətrafında vəziyyətin stabilləşməsi üçün Putinin istəklərini çatdırıb: 

“Əlbəttə, Ukraynada hərbi əməliyyatlar aparmaq Moskvanın özünə də sərf etmir. Çünki ciddi beynəlxalq sanksiyalarla üzləşəcək və bu da onun dünyadakı imicinə zərbə olacaq. Rusiya başa düşür ki, Kiyev NATO-ya üzv olsa və Ukraynanın şərqində ABŞ raketləri yerləşdirilsə, Moskva üçün təhdid yaranacaq. 

Dünyanın və Avropanın təhlükəsizliyi üçün ABŞ-la Rusiya arasında yeni sazişə ehtiyac var. Bu sənəddə xüsusilə NATO-nun genişlənməsinə dair müəyyən məqamlar əks oluna bilər. Yaxın vaxtlarda imzalanması ehtimal olunan razılığa əsasən Ukrayna hərbi alyansa üzv olmayacaq.

 Lakin genişlənmə proqramının üzvü kimi çıxış etməsi mümkündür. Ümumiyyətlə, Kremlin əsas marağı Qara dənizin şimalında və şərqində təsir dairəsini qorumaq və kənar müdaxilənin qarşısını almaqdır. Bu, Rusiya üçün “qırmızı xət”dir”. 

Analitik qeyd edib ki, böyük dövlətlərin maraqları bəzən ziddiyyət təşkil etsə də, onlar ortaq məxrəcə gəlməyi bacarırlar:

 “Ukrayna ətrafında baş verən hadisələrdə bir daha gördük ki, böyük güclər öz ambisiyalarını həyata keçirməyə, çirkin oyunlara hazırdırlar.

 Zelenskinin Ərdoğanla görüşüb-görüşməməsi məhz Makron-Zelenski dialoqunun nəticəsindən asılı olacaq. Parisin vasitəçilikdə səmimi olduğu qənaətindəyəm. Fransa və Almaniya Rusiya ilə Ukrayna arasında həyata keçirdiyi barışdırma missiyasında səmimidir. 

Çünki həmin dövlətlərin iqtisadiyyatları həm də Rusiyadan asılıdır. Gələcəkdə ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsi Aİ-yə təsir edəcək”.