Ortaq məxrəc! - “Ukrayna NATO-nun üzvü olmayacaq”

“Bununla da NATO şərqə doğru irəliləyə bilməyəcək. Nəticədə münasibətlər səngiməyə doğru hərəkət edəcək”

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə “Reuters” Dövlət Departamentindəki rəsmi mənbəyə istinadən məlumat yayıb. Bundan əvvəl fevralın 12-də ABŞ-ın təşəbbüsü ilə tərəflərin telefon danışığı baş tutub. Rusiya və Ukrayna arasındakı mövcud vəziyyət müxtəlif proqnozların səslənməsinə səbəb olur. Qərb tezliklə savaşın başlayacağını idddia etsə də, Rusiya tərəfdən hələ ki, buna dair açıqlamalar öz əksini tapmır.

Müzakirələri “Sherg.az”a şərh edən analitik Azər Rəşidoğlu bildirib ki, məsələlərin hərbi müstəviyə keçəcəyini düşünmür:

“Rusiya və Ukrayna arasında ciddi savaşın başlayacağını düşünmürəm. Sadəcə olaraq, Rusiya Ukraynanın NATO-nun üzvü olacağına etiraz edir. Bununla da NATO-nun şərqə doğru irəliləməsinin qarşısını almaq istəyir”.

Politoloq tərəflər arasındakı vəziyyətin normallaşacağının qənaətindədir:

“Güman edirəm ki, bir müddətdən sonra münasibətlər səngiyəcək və dövlətlər ortaq məxrəcə gələcəklər. Yəni, Ukrayna NATO-nun üzvü olmayacaq. Bununla da NATO şərqə doğru irəliləyə bilməyəcək. Nəticədə münasibətlər səngiməyə doğru hərəkət edəcək.”

Çimnaz Şahlar