Xocalının ukraynalı gəlinindən bu günə qədər xəbər yoxdur

Səriyyə Müslümqızı Tatyananın faciəli həyat hekayəsini anlatdı

Ərazi bütövlüyümüzün tam bərpa edilməsinin ildönümü yaxınlaşdıqca, bunun ölkəmizin, dövlətimizin gələcəyi üçün nə dərəcədə vacib, əhəmiyyətli, həm də şərəf, ləyaqət məsələsi olduğu daha da dərindən anlaşılır. Azərbaycan dövləti suverenliyini bütün ölkə boyu təmin etdikdən sonra beynəlxalq aləmdə nüfuzu da birə on qat artıb. Hazırda bütün dünyanın gözü Azərbaycandadır. İstər siyasi iradə, istərsə də iqtisadi-sosial dayanıqlıq, ictimai sabitlik baxımından. Bununla belə hələ də Azərbaycanı 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdiyinə, separatçı qüvvələri ölkə ərazisindən çıxardığına, hər bir vətəndaşına təhlükəsiz yaşam bəxş etdiyinə görə qınamağa, hətta tənqid etməyə hazır dayanmış siyasi dairələr var. 

 Onlar sadə bir həqiqəti qəbul etmək istəmir; Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə insan faciələri yaşanıb. Ermənistanın ərazi iddialarıyla başlanan müharibə minlərlə insanın həyatını məhv edib. Təkcə, insanlarınmı? Xeyr. Erməni vandalları təbiətə də divan tutub. Böyük bir xalqın tarixini, mədəniyyətini yox etməyə çalışıb. Bu gün də barəsində heç bir məlumat əldə edilməmiş, öldü-qaldısı bilinməyən insanlarımız var. Ermənistan tərəfi itkinlər, əsirlər barədə məlumatları gizlədir, bəşəri cinayətlərini davam etdirərək mina xəritələrini verməkdən də imtina edir. Bununla yeni qətllərə, fəlakətlərə fürsət yaradır. Azərbaycan ailələri arasında isə hələ də doğmasının, əzizinin yolunu gözləyənlər çoxdur. 


 
Onlardan biri də Xocalı sakini olmuş Ramiz Nəsirovdur. Bu haqda “Şərq”ə "Erməni Təcavüzünün Tanıdılması" İB-nin sədri, Xocalı faciəsinin şahidi, hazırda isə Xocalı sakini olan yazıçı-jurnalist Səriyyə Müslümqızı danışdı. S.Müslümqızı ukraynalı Tatyananın faciəli həyat hekayəsini anlatdı: 

- Ramizlə Tatyana Sankt-Peterburqda tanış olublar. Ramiz müəllim Rusiyada hərbi xidmətdə olmuşdu, sonra Peterburqa gəlib, orada işləməyə başlayıb və Tatyana ilə tanış olub. Tatyana ukraynalı idi. Evləniblər, qız övladları dünyaya gəlib, bir müddət sonra ailə Azərbaycana qayıdıb. Əvvəlcə Xankəndidə yaşayıblar, sonra Xocalıya köçüblər. Tatyana qaynayıb-qarışıb xocalılarla. Həyatın onlara verdiyi yaşama şansını qaçırmadan, doya-doya yaşamaq istəyirdilər, qurub-yaratmaq istəyirdilər. Özlərinə Xocalıda ev tikdirmişdilər. Ermənistanın hərbi təcavüzü başlayanda Ramiz kəşfiyyatçı kimi xidmət göstərməyə başlayıb. 1988-ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalı soyqırımıdır.  Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş bu soyqırım aktı - Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 




 
Xocalı şəhəri Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin (Rusiyanım) 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər.  Əvvəlcə erməni qoşunları şəhəri dörd tərəfdən mühasirəyə alıb,  sonra Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılırdı. Az bir vaxt ərzində şəhərdə yanğın baş verdi, şəhər tamamilə alova büründü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldular. Həmin soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub. Körpə uşaqların gözləri çıxarılıb. Hamilə qadınların qarnı süngü ilə yarılıb. Ermənilər, hətta meyitləri də təhqir etmişdilər. Mən bu faciənin, insanlığa sığmayan qətllərin, dəhşətlərin şahidiyəm. Ramiz müəllimin ailəsi də həmin vaxt Xocalıda yaşayırdı. Tatyananın atası, İkinci Dünya Müharibəsi iştirakçısı Dimitri Buçko faciədən bir neçə ay öncə Xocalıya qızının yanına gəlib. Amma o, iflic keçirmişdi, yataq xəstəsi idi.  Əhali Xocalını tərk etməyə məcbur olanda, Tatyana tərəddüd edib, atasının yanında qalsın, yoxsa o da başqaları kimi şəhəri tərk etsin. Həyat yoldaşı Ramiz onu tələsdirib ki, tez ol, getməliyik, geciksək əsir düşə bilərik. Nəhayət Tatyana həyat yoldaşının ardınca getməyə qərar verib, evdən çıxıb. Qarqar çayının kənarına qədər gəliblər. Amma burda Tatyana getmək fikrindən daşınıb, qətiyyətlə deyib ki, getməyəcəyəm, atasını tək qoymayacaq və geri qayıdıb. Ramiz müəllimə deyib ki, sən get, qızımız tək qalmasın. Bunu deyib, geri dönüb. Ramiz Nəsirov qadınları, uşaqları bacardığı qədər mühasirədən çıxarır, xeyli uzun yol gedirlər, amma fikri həyat yoldaşının yanında qalır, sonra o da geri qayıdır. Geri qayıdanda isə evlərinin yandırıldığını görür. Qayınatası Dimitri Nikolayeviç də evin içində yanıb külə dönübmüş. Tatyananı isə tapa bilmir. Nə ölüsünü, nə dirisini. Ondan heç bir xəbər ala bilmir. Tatyananın taleyindən bu günə qədər də bir xəbər yoxdur.

S.Müslümqızı qeyd etdi ki, hazırda Ramiz Nəsirov və qızı Elmira Ağcakənddəki köçkün qəsəbəsində yaşayırlar. 

Qeyd edək ki, S.Müslümqızı “Xocalının ukraynalı gəlini” adlı sənədli-xroniki filminin müəllifidir: 

- Xocalıdan olan ukraynalı gəlinin bir acı həyat hekayəsi bitmədən yarımçıq qaldı. Biz də biu faciələri bütün dünya bilsin deyə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşklatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Erməni Təcavüzünün Tanıdılması" İB-nin layihəsi çərçivəsində "Xocalının Ukraynalı gəlini" adlı asənədli xroniki film çəkmişik. Filmdə Xocalinin təsviri və hadisələrin necə cərəyan etməsi öz əksini tapıb. Film bu sözlərlə başlayacaq: "Bir tərəfində Kətik meşəsi, o biri tərəfində Boz dağ, sağında, solunda da çaylar başına dolanırdı kəndimizin. Hər sabah bir umudla doğardı günəşimiz..." Filmi sentyabrın 20-də Xocalıda təqdim etmək istəyirik.