Paşinyandan Arazdəyən-Horadiz dəmiryolu barədə AÇIQLAMA


“Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənədi imzalamağa ümid edir”.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı danışıb.

“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisi ilə bağlı konkret işləri yerinə yetiririk. Artıq texniki işlərə başlanılıb. Yaxın vaxtlarda ümid edirik ki, əldə olunmuş razılaşmalar sənəd şəklində öz əksini tapacaq və proses inkişaf etdiriləcək”, - deyə N.Paşinyan bildirib.

Ermənistan və Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra və Azərbaycan və Ermənistan liderləri tərəfindən təsdiqlənib.

Xatırladaq ki, bu barədə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun görüşündə razılıq əldə olunub.

Mənbə: TASS