ATƏT təcili toplanır! – “Rusiyaya qarşı sanksiyalar planı...”

Fevralın 18-də ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək. Görüşə Polşa sədrlik edəcək. İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq. Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq. Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.

İclasın əsas hədəflərini "Sherg.az"a açıqlayan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bildirib ki, Avropa ölkələri Rusiyanın Ukraynaya təcavüz edəcəyini düşünür:

“Görüşün keçirilməsində əsas məqsəd Rusiyanı Ukraynaya hücumdan çəkindirməkdir. NATO da Rusiyaya təzyiq etməyə çalışır ki, Ukraynaya yeni hücum olmasın. Görüşdə müəyyən sanksiyalar planı ortaya qoyulacaq. Moskva hücuma keçsə, Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edəcək. Əsas məqsəd Avropa ölkələrinin təhlükəsizliyini sığortalamaqdır. Həmçinin ABŞ Avropa dövlətlərini qorxudur ki, Rusiya Ukraynanı işğal edərsə, növbəti onlar olacaq”.

Xanlar ƏLİBƏY