“Rəsmi Minsk rəsmi Moskvanın imperiya ambisiyalarının həyata keçirilməsində özünü Rusiya yedəyinə qoşaraq hərbi-siyasi xətt tutub”
Fevralın 24-də Rusiya Federasiyasının müstəqil Ukraynaya daxil olması ölkədə gərgin vəziyyətin yaranması ilə nəticələnib.
Rusiya qoşunları Belarus ərazisindən Ukraynaya hücum edir. Belarus prezidenti Aleksandr Lukaşenko isə Belarus ordusunun Rusiyanın Ukraynadakı əməliyyatında iştirak etmədiyini bildirib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bununla bağlı açıqlama verib.
"Biz Belarusun Ukraynaya qarşı bu təcavüzdə iştirakını pisləyirik və onu beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq"-,deyə vurğulayıb.
Bəyanatda həmçinin Aİ-nin Gürcüstan və Moldovanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha vurğulanır. Aİ Şurası tərəfindən paylaşılan ortaq yazılı bəyanatda Aİ üzv dövlətləri “Rusiyanın Ukraynaya qarşı görünməmiş hərbi hücumunu ən sərt şəkildə qınadıqlarını” və Belarusun da təcavüzdə iştirakını pislədiklərini söyləyiblər.
Rəsmi Minskin "dəstəyi" ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Rus ordusu Kiyevə qoşun yeritmə planını daha əvvəldən cızıb:
"A.Lukaşenko nə qədər təkzib etməyə çalışsa da, Rusiya ordusunun Kiyevə hansı ərazidən daxil olmasına dair fikir söyləmək üçün fövqəladə strateji zəkaya malik olmaq lazım deyil. Rusiya Prezidenti V.Putinlə A.Lukaşenko Ukraynadakı müharibədən öncə tez-tez görüşürdü. Kreml öz təlimatlarını A. Lukaşenkonun dilinə köçürürdü".
Analitikin sözlərinə görə, Belarus onsuz da sanksiyalar girdabındadır:
"Deyilənlər tam təsdiqini taparsa, rəsmi Minsk növbəti dalğa ilə üzləşəcək. Belarus rəsmi Moskvanın imperiya ambisiyalarının həyata keçirilməsində özünü Rusiya yedəyinə qoşaraq hərbi-siyasi xətt tutub. Kremlin rəsmi Kiyevə təcavüz planlarında istəyini həyata keçirərsə, Belarus da vəcdə gələcək. Həmçinin gözlənilən perspektiv əməliyyatlarda Rusiyaya dəstək verəcək.
Belarus öz sərhədlərini üçüncü dövlətə qarşı cəbhə kimi açıb – hər nə qədər rəsmi Minsk Rusiyanın müttəfiqi olsa belə bu, qəbul edilməzdir".