Heç kəs müharibənin bu qədər dəhşətli olacağını gözləmirdi

Gürcüstana üz tutacaq Rusiya vətəndaşlarının sayı daha da artacaq

Fevralın 24-dən, Ukraynada müharibə başlayandan 13 gün ərzində Gürcüstana 20 mindən bir qədər çox Rusiya vətəndaşı gəlib.
Bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə bildirib.
Rusiya ilə müvəqqəti viza rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavabında V.Qomelauri bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını deyib.
Rusiya vətəndaşlarının xarici ölkələrə, eləcə də Gürcüstana üz tutmasının səbəblərindən biri də hazırda davam edən müharibədir. Bəzi vətəndaşlar daxildə yaranmış vəziyyətə qarşı etiraz edir, küçələrə çıxır, bəziləri isə ölkəni tərk edirlər. Müharibə zamanı ölkə vətəndaşlarının üz tutduğu ilk yer məhz qonşu ölkələr olur. 

Bununla yanaşı, Rusiyada bu ölkənin vətəndaşlığını qəbul etmiş yüz minlərlə gürcü var. 
Rusiya vətəndaşlarının Gürcüstana üz tutması ilə bağlı “Şərq”ə danışan politoloq Əlimusa İbrahimovun sözlərinə görə, müharibə artıq proqnozları da alt-üst edib.

“Heç kəs vəziyyətin bu qədər ciddi olacağını və müharibənin uzun çəkəcəyini gözləmirdi. Elə hesab olunurdu ki, sərhədə yığılan təqribi 170 minlik rus ordusu Ukraynanı məğlub etməyə kifayət edəcək. Putinin dediyinə görə, 48 saata Kiyevi tutmalı idi. Ancaq müharibə başlayanda verilən proqnozların heç biri özünü doğrultmadı. Bütün bunların nəticəsində Rusiyaya tətbiq olunan sanksiyalar gün keçdikcə ağırlaşdırılır. Eyni zamanda Ukrayna mənbələrinin verdiyi məlumata görə, ruslar hər gün minə yaxın əsgər və zabit itkisi verir. Belə davam etsə, rus ordusu tükənəcək və darmadağın olacaq. Bu zaman dövlət müharibəyə yeni qüvvələr göndərməyə məcburdur. Gürcüstana gedən insanların əksəriyyəti məhz orduya qoşulmaqdan çəkinən və döyüşmək istəməyən insanlardır. Əks halda onlar Rusiya vətəndaşları olduqları üçün müharibədə iştirak etməyə məcbur qalacaqlar. Bəziləri isə ümumiyyətlə müharibəyə qarşı olanlardır. Ruslarda müharibəyə qarşı çox güclü etiraz var.

 Digər bir qisim vətəndaşlar ölkədə yaranmış vəziyyətdən narazıdırlar. Onlar qısa müddət ərzində ölkəni xaosun, aclığın bürüyəcəyini düşünürlər. Buna görə buradan qaçırlar. Gürcüstanda nisbətən vəziyyət yaxşı olduğu üçün oraya gedirlər. Müharibə uzandıqca Rusiyadan qaçan və Gürcüstana gələn insanların sayı daha çox olacaq”.

Sənan İsmayıl