Hazırda gənc ailələrin mənzilə sahib olması problemli məsələlərdən biridir. Mənzil almaq istəyən vətəndaşlar ən yaxşı halda dövlətin təklif etdiyi güzəştli ipotekadan istifadə edirlər. Lakin ipoteka şərtləri bir çox v axtlarda sərfəli deyil. Həm də gənc ailələr güzəştli kateqoriyaya aid olunmurlar. Həmçinin, ipoteka ilə ev almaq baha olduğu üçün bir çox ailələrin cibinə uyğun deyil.
Bəs problem necə həll oluna bilər?Bu yöndə hansı tədbirlərə ehtiyac var?
Suallarımızı cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, hazırkı dövrdə ev ala bilməmək tək gənclərin deyil, orta nəslin də ən böyük problemlərindən biridir:
''Bu da son vaxtlar vətəndaşların yığım kapitalının azalması ilə əlaqədardı. Vətəndaşlar daha çox ipoteka evlərinə müraciət edirlər. 2021-ci ildən etibarən isə daşınmaz əmlak bazarında qiymət artımı baş verdi. Güzəştli ipoteka evlərindən isə yalnız rəsmi gəliri olan şəxslər istifadə edə bilir. Bu problemdən çıxış yolu kimi daşınmaz əmlakların qiymətində kompeks tədbirlər aparılmalıdır. İnsanlar illərdir ki, ipotekanın 8 faizlə verilməsindən narazıdırlar, lakin heç kim digər evlərin qiymətinin endirilməsini təklif etmir".
Ekspert əlavə edib ki, mənzil qiymətlərinin düşməsi halında ipoteka evləri daha əlçatan olacaq:
"İpotekanın alınması üçün dövlət büdcəsindən vəsait ayrılır. Nəticədə də daşınmaz əmlak sektorunda lazımsız xərclər artır. Bir sözlə, bu sahə inkişaf etmir. Bazarda isə təqribən 100-ə qədər tikinti şirkəti mövcuddur. Buna baxmayaraq, onlar arasında rəqabət sıfır səviyyəsindədir. Yəni, ölkə bazarında sağlam və normal mühit yoxdur ki, tikinti şirkətləri böyük binalar tikərək rəqabət aparsınlar. Günümüzdə mənzillər podmayaq satılır. Amma geridə qalmış bir çox ölkələrdə belə, bu cür anlayış yoxdur. Orada ən azından kiçik də olsa, təmirli evlər satılır".