Ölkədə keçiriləcək böyük beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələri Azərbaycana qarşı beynəlxalq informasiya məkanında hücuma keçirlər. Eurovosion müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, Formula-1-in yarışları ərəfəsində baş verən proseslər buna misaldır. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri Qərb dairələrin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Lakin onlar unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxarmayacaq. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabenin Azərbaycan əleyhinə son çıxışı diqqət çəkir. Beləki Şvabe son çıxışında Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib. Halbuki Azərbaycanda siyasi məhbuslar yoxdur. Amma Qərb dəstəklədiyi yerli şəbəkənin (Abzas Media, Toplum TV və s.) ifşasından sonra bu kimi ittihamlar qaçınılmaz idi. Eyni zamanda Ermənistanda baş verən hadisələrə Qərb institutlarının susması isə bir başqa problemdir. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist aclıq aksiya keçirərək (M.Yegiazaryan), bir müxalif siyasətçi isə elə məhkəmə zalında ölmüş (Armen Qriqoryanın 15 iyul 2022-ci il), həmçinin keçmiş hakimiyyətin bir çox fəal funksioneri (məsələn, Armen Aşotyan) həbs edilmişdir. Niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışmayıb?
Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edib. Frank Şvabe kimilər də sadəcə həmin təlimatları yerinə yetirən xırda məmurlardır. Qərb siyasi elitası onlardan istifadə edib sonra unudacaq. Artıq azərbaycanlılarda bu kimi hücumlara qarşı immunitet yaranıb. Hamı başa düşür ki, yeni hücum dalğası COP29-la bağlıdır. Həmin hücumların isə Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.
Siyasi ekspert Elmir Səftərov “Sherg.az”a söyləyib ki, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər, həmçinin seçkilər ərəfəsində Qərb ölkələri, ümumilikdə isə erməni şəbəkəsi tərəfindən Azərbaycana qarşı qarayaxma kompaniyaları və müxtəlif təzyiqlərin həyata keçirilməsi artıq təəccüb doğurmur:
“Erməni maraqlarını müdafiə edən Qərb siyasi elitasının nümayəndələrindən olan Frank Şvabe kimi şəxslər də həmin təlimatları yerinə yetirən məmurlardandır. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” kimi ifadələri alət edib ölkəmizə qarşı qərəzli davranışlar sərgilənməsi, deyilən anlayışlara görə yox, sadəcə, maraqlar kontekstindən qiymətləndirilməlidir. Bu cür yanaşmanın əsas mənbəyi isə ölkəmizin yürütdüyü müstəqil siyasətlə birbaşa əlaqəlidir. Həmin dairələr anlamalıdır ki, Azərbaycan uzun illərdir ikili yanaşmalardan əziyyət çəkir və bu cür mənfi çağırışların qarşısını almaq üçün immunitetə malikdir. Ona görə də diplomatik təzyiqlərdən istifadə etmək heç bir işə yaramayacaq. Birtərəfli formada Qarabağ ermənilərinin hüquqları barədə ağız dolusu danışan F.Şvabe Azərbaycanı nədəsə iddiham etməsi isə ikrah doğurur. Çünki bir dəfə də olsun Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş cinayətlər nəticəsində öz evlərindən didərgin düşmüş bir milyondan çox azərbaycanlının ən ali hüquqlarının təmin olunmasını gündəmə gətirməyib. Ona görə də F.Şvabe, Luis Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və özünü insan hüquqları müdafiəçiləri kimi qələmə verən şəxslərin məqsədi Azərbaycana təzyiq etmək, beynəlxalq ictimaiyyət qarşısında dövlətimizi qaralamaq məqsədi güdür. Bütün bunların arxasında isə erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır”.