Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad əl-Hacirini qəbul edib.
Bu barədə "Sherg.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan və Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi-ticarət, təhsil, humanitar və s. sahələr üzrə uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. Yaxın günlərdə ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağı diqqətə çatdırılıb.
Mövcud əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyət imkanlarından istifadənin əhəmiyyəti qeyd olunub.
İkitərəfli əməkdaşlıq ilə yanaşı, regional və beynəlxalq təşkilatılar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin təqdirəlayiq olduğu, xüsusilə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı diqqətə çatdırılıb.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə keçmiş münaqişəyə son qoyulması, postmünaqişə dövründə bölgədə aparılan yenidənqurma işləri, habelə Ermənistanla münasibətlərin normallaşması prosesindən ətraflı bəhs olunub.
Səfir Məhəmməd Həməd Səad əl-Haciri qəbula və təbriklərə görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Qətər arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.