ABŞ Cənubi Qafqazda xaos yaratmaq üçün Paşinyanın əlini gücləndirir -ANALİZ

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)  Ermənistana yardımı 2 dəfədən çox artırıb. Hökumətin yerli mətbuata verdiyi məlumata görə, genişləndirilən saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
Lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Hallelot bildirib ki, bizim Ermənistan hökuməti və nazirlikləri ilə işimiz ümumi məqsədlərimizə çatmaqda mühüm rol oynayır.

Mövzunu "Sherg.az"a şərh edən politoloq Azad Məsiyev Paşinyanı hakimiyyətə gətirən, onu himayə edən, siyasi, iqtisadi, hərbi cəhətdən dəstəkləyənin ABŞ olduğunu bildirib:
 
"Ermənistan hakimiyyətindəki Sorosçular bütün strukturlarda oturuşub. Artıq Ermənistanın istər xarici, istərsə də daxili siyasətini tənzimləyən ABŞ- dan gələn təlimatlardır. Təlimatçılarisə tək Paşinyanın ətrafında deyil. Ermənistanın bütün nazirləri xüsusilə də müdafiə sahələrinin və baş nazirin təlimatçıları ABŞ- dan gətirilən kadrlardır. Yəni Ermənistan Sorosçular tərəfindən idarə edilir. Hazırda Paşinyan hakimiyyətinin bütün sektorlarına ABŞ tərəfindən maliyyə dəstəyi ayrılması isə Vaşinqtonun Ermənistanda fokuslaşdığını göstərir. Hətta ABŞ Paşinyanın qarşısına müəyyən şərtlər qoyur. O şərtlərdən də biri Rusiyanın Ermənistanda təsirini zəiflətmək və Qərbin nüfuzunu gücləndirməkdir. Bir sözlə ABŞ-nin məqsədi Ermənistana fokuslaşıb hakim gücə malik olmaqdır. Bundan sonra isə o, Ermənistan üzərindən Cənubi Qafqazda öz siyasətini həyata keçirmək təcrübəsinə başlayacaq. Digər tərəfdən ABŞ-nin regionda əsas məqsədi 3 Cənubi Qafqaz respublikasını öz təsirinə salıb, onlardan qonşularına qarşı alət kimi istifadə etməkdir. Yəni  başlıca niyyətləri Rusiyanı dünya siyasi xəritəsindən silmək üçün onun cənub cinahını bağlamaq və gələcəkdə İranın daxilində dövlət çevrilişi etmək üçün iErmənistandan istifadə olunmasıdır. Ümumilikdə ABŞ- nin yaxın strategiyası budur ki, Paşinyanın əlini həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndirərək onun  uzun müddət hakimiyyətdə qalmasına nail olsun"

Paşinyanın Amerikanın layihəsi olduğunu deyən ekspert  Amerikanın Cənubi Qafqazda strateji məqsədlərinə çatmaq üçün Nikolun üzərindən bir layihə həyata keçirdiyini söyləyib:
"ABŞ-nin Ermənistandakı bütün sektorlara maliyyə yardımı ayırmaqda da məqsədi bundan ibarətdir. Paşinyan isə ABŞ nin əlində bir alətdir. Həm də Ermənistan- Azərbaycan məsələsi deyil, ümumilikdə region üçün təhlükə yaradacaq alətdir. Çünki başda ABŞ olmaqla Qərbin Ermənistanda güclənməsi region dövlətlər üçün də təhlükə mənbəyidir. Xüsusilədə Türkiyə və Azərbaycanın regional gücdən qlobal gücə çevirmək üçün Turan ittifaqının yaranması ərəfəsində Ermənistana bu cür dəstək verilməsi bu ittifaqında yaranmasına mane olmaq anlamı yaradır. Paşinyan tək Ermənistan üçün deyil, region üçün təhlükə yaradacaq bir oyunçudur.  Bu baxımdan ABŞ Cənubi Qafqazda xaos yaratmaq üçün Paşinyanın əlini gücləndirir. Hesab edirəm ki, ABŞ Ermənistanda fokuslaşaraq yaxın vaxtlarda daha kəskin addımlar atmaq üçün hazırlıq işləri görəcək".