“Böyük Britaniyanın Müdafiə Nazirinin Azərbaycana səfəri əbəs yerə deyil”
“Böyük Britaniya Müdafiə Nazirliyi Delyaginin dediklərindən sonra neft mədənlərinin qorunması məsələsiylə maraqlanır, əlavə tədbirlər görülməsiylə bağlı danışıqlar aparır”
Deyir ki, "Ey rus, Azərbaycan tək deyil, onun yanında Böyük Britaniya, lazım gəlsə, Amerika kimi dövlətlər var"
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviç Azərbaycan əleyhinə təxribat xarakterli çıxış edib. O, 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması haqda fikirlər səsləndirərək sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.
Yaşanan provokasiyaya görə Azərbaycan Baş Prokurorluğu ona qarşı cinayət işi açıb. Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinə əsasən təcavüzkar müharibəni başlamağa açıq çağırışlar, terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələrinə dair ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır.
Qeyd edək ki, bəzi ekspertlər M.Delyagini Rusiya Liberal Demokrat Partiyası lideri Vladimir Jirinovski ilə eyniləşdirirlər. Hətta onu Rusiya Prezidenti Vladimir Putinin "danışan dili" adlandırırlar.
M.Delyaginin açıqlaması və Azərbaycan xalqından üzrxahlığına münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Sherg.az"a bildirib ki, onun dərhal üzr istəməsi Kremlin ciddi təyziq göstərməsinin nəticəsidir:
"Geri çəkilməsəydi, M.Delyageni V. Jirinovskiyə bənzətmək mümkün idi. Amma Rusiya hər cür tipləri bəsləyib, siyasi səhnəyə buraxır. Yeri gələndə müxtəlif məqsədlər üçün istifadə edir. Millət vəkilinin siyasətdəki ilk addımları böyük bir fiasko ilə nəticələndi. Həm üzr istəmək məcburiyyətində qaldı, həm də Rusiya ictimai rəyində tamamilə biabır oldu".
Politoloqun sözlərinə görə, Böyük Britaniyanın Müdafiə Nazirinin Azərbaycana səfəri əbəs yerə deyil:
"Zatı qırığın" söylədikləri beynəlxalq skandala şərait yaratdı. Böyük Britaniya Müdafiə Nazirliyi Delyaginin dediklərindən sonra neft mədənlərinin qorunması məsələsiylə maraqlanır, əlavə tədbirlər görülməsiylə bağlı danışıqlar aparır. Deyir ki, "Ey rus, Azərbaycan tək deyil, onun yanında Böyük Britaniya, lazım gəlsə, Amerika kimi dövlətlər var". Neftin çıxarılması, dünya bazarına daşınması ölkələrin strateji maraqlarına uyğundur. Rusiya neftinə, qazına embarqo qoyublar. İndi başqa ölkələrdən neft çıxarılmasını dayandırmaq istəyirsiz? Heç bir insani keyfiyyətlərə sığmayan fikirlərdir. Məhz bu səbəbdən Azərbaycan ona qarşı cinayət işi qaldırdı. Yəqin haqq-hesab tələb ediləcək".