Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə ikitərəfli əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri qurur. Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Artıq bir müddətdir, Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri sürətlə aparılır. Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Yeni məlumatlara görə, İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində italiyalı nazir aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.
Azərbaycan İtaliya münasibətləri barədə "Sherg.az"a danışan millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, İtaliya XİN-i ADA universitetində çıxış edəcək:
"Bu Azərbaycanın dünyada güclənməsinin işarəsidir. Söhbət təkcə İtaliya, Türkiyənin Azərbaycanla münasibətlərinin yüksəlməsindən getmir. Bütün dünya Azərbaycanla əlaqələr qurmaq istəyir.
Prezident yaxın zamanlarda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşəcək. Azərbaycan Amerika münasibətləri irəliləyir. Ölkəmiz yeni bir dönəmə qədəm qoyub.
Vətən müharibəsindən sonra yaranan yeni reallığın nəticəsidir. Reallıq gün keçdikcə təsirini artıracaq. Bu, adi hadisə kimi qiymətləndirilməməlidir. Adi hadisə baş verəndə onun əks sədası getdikcə səngiyir. Torpaqlarımızın işğaldan azad edilməsi, kapitulyasiya aktının imzalanması kimi hadisələrin xüsusiyyəti tamanən fərqlidir.
Əks sədası getdikcə güclənir. Mədəniyyətdə, incəsənətdə, siyasi əlaqələrdə iqtisadiyyatın dirçəlməsində özünü göstərir".