"Ermənistanın "çək-çevir"lərinə strateji təmkinlə cavab verilir"

Aqşin Kərimov: "Bakı Cənubi Qafqazda yaranan reallığı yeni əməkdaşlıq platformasına inteqrasiya etmək planları üzərində işləyir"


Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılış mərasimində beynəlxalq təmsilçilər önündə etdiyi çıxışın əsas hissəsi, Azərbaycan-Ermənistan münasibətlərinə həsr olundu. Prezident Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının icrasında yaratmaq istədiyi maneələrdən söz açdı. Dövlət başçısı vurğuladı ki, İrəvan ən çox Zəngəzur dəhlizinin açılması və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması məsələsində sürüşkən mövqe nümayiş etdirir. 

Lakin Azərbaycan 10 noyabr bəyanatının icrası ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanla Laçın yolu vasitəsilə Qarabağdakı erməni əhalinin əlaqəsini təmin edir. Bu, Azərbaycan dövlətinin postmünaqişə dövründəki humanitar missiya ilə çıxış etdiyinin əyani sübutudur. Ancaq Ermənistan üzərinə qoyulan kapitulyant öhdəliklərdən qaçmağa cəhd edir.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikasının quru əlaqəsini təmin edən kommunikasiya xəttinin - Zəngəzur dəhlizinin açılması məsələsində yaxasını kənara çəkir. Analitik vurğulayıb ki, ölkə rəhbəri bizim adət etdiyimiz Laçın dəhlizi ifadəsi əvəzinə, “Laçın yolu” ifadəsini işlədir, lakin Zəngəzur mövzusunda dəhliz termininə müraciət edir: “Hesab etmək mümkündür ki, Laçın yolunda dəhliz rejiminin tətbiq olunmayacağı müzakirələr masasındadır. Azərbaycan bununla yanaşı, Zəngəzur keçidinin dəhliz məntiqi ilə istifadəyə verilməsində israrlıdır və təkid çəkicini Ermənistanın başı üzərində fırladır. 10 noyabr bəyanatının 4-cü maddəsinə gəlincə, Ermənistan bunu da manipulyasiya edərək “status” mövzusuna istinad edir. Həmin əraziləri hərbiləşdirmək sevdasına düşür, hərçənd ki, bu mövqenin özü də çoxbaşlıdır. Azərbaycan “status” mövzusuna nöqtəni qoyub və həmin ifadəni tarixin arxivinə göndərən hərbi-siyasi şərait yaradıb və hüquqi addımlarla bunu gücləndirib. İndi Ermənistanın mövcud olmayan bir subyektdən yapışması yalnız xəyali təsəvvürlərə söykənir. Amma xam xəyalların rəsmi səviyyədə elanı belə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik əlamətidir. Bu hörmətsizliyi isə güc yolu ilə aradan qaldırmaq zərurəti sürətli şəkildə böyüyür. Dövlət başçısı dedi ki, Ermənistanın “status” mövzusuna istinad etməsi yeni konfrontasiyanın yaranmasına gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan güc yolu ilə Qarabağdakı separatçıların başını əzir. Paralel olaraq Ermənistandakı Azərbaycanın tarixi ərazilərinin geri qaytarılmasını təmin edir: 

“Bunun üçün Azərbaycan Ordusunun Ermənistanın istənilən dərinliyinə sıza bilən elit qüvvələri mövcuddur. Dövlət başçısı İlham Əliyevin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacağıq” deməsi həmin iki kontekst əsasında dəyərləndirilməlidir. Ölkə rəhbərinin çıxışında bir yeni detal da rəsmi şəkildə bildirildi: - Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistan - əməkdaşlıq formatının təsis edilməsi. Prezident bildirdi ki, Azərbaycanla Gürcüstan bu formatda xarici işlər nazirləri səviyyəsində ilk dialoqun başlanması üçün görüş təklif etsə də, Ermənistan bundan imtina edir. Görünür ki, Ermənistan regional üçlük formatına gəlmək istəmir. Olsun, bu onun öz başında çatlayan səbəblər gətirir. Azərbaycanın bu təklifini “Cənubi Qafqazda birlik ideyası” adlandıra bilərik və digər ölkələrlə əməkdaşlığı da inkişaf etdirən platforma hesab olunur. Nəticə etibarı ilə Azərbaycan Ermənistanın “çək-çevir”lərinə strateji təmkinlə adekvat cavablar verəcək. Bakı Cənubi Qafqazda yaranan reallığı yeni əməkdaşlıq platformasına inteqrasiya etmək planları üzərində işləyir”.