Əlvida üçlük!

Uğursuz Minsk qrupu haqqında "əfsanə" sona çatıb

"Bütün bu qeyri-rəsmi anlayışlar nəinki Azərbaycanın, bütövlükdə dünyanın gündəmindən silinib"

    ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini 28 il ərzində bütün dünya gördü. Hazırda dünya bir fakta da şahidlik edir ki, bu quruma üzv dövlətlər 4 aydır davam edən Rusiya-Ukrayna müharibəsinin həllində ortaq masa arxasında otura bilmirlər. Bu baxımdan Minsk qrupuna dövlət başçısı İlham Əliyevin ifadə etdiyi kimi, “əlvida” sözündən başqa bir söz düşmür. Çünki bu təsisat münaqişələrin həllinə nail olma üçün heç bir əməli addım atmayıb. 

Ona görə də yenidən onu dirçəltmək qeyri-mümkün və faydasızdır. Qlobal Bakı Forumunun açılışında bu məqama diqqət çəkən Prezident birmənalı vurğuladı ki, Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Ölkə rəhbəri təkrar bəyan etdi ki, artıq onların pensiya vaxtıdır: “Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”.
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Prezidentin IX Qlobal Bakı Forumunda ATƏT-in Minsk qrupu barəsində söylədiyi fikirlər həm faktoloji, həm də hüquqi reallıqlara söykənir. 

Analitik deyib ki, ömrünü başa vurmuş təsisatın təmsilçiləri tərəfindən bugünədək tutarlı əks-arqumentlərin dilə gətirildiyinin şahidi olmamışıq:

 “44 günlük müharibənin yaratdığı reallıqlar Minsk qrupuna verilmiş mandatın bütün müddaəalarının əhatə etdiyi məsələlərin gündəlikdən çıxarılmasına zəmin yaradıb. Hazırda Azərbaycanla Ermənistan arasında Minsk qrupunun vasitəçiliyi ilə müzakirə ediləcək hər hansı bir məsələ yoxdur. 

Minsk qrupu Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmışdı. Məlum olduğu kimi, artıq “münaqişə” də, “Dağlıq Qarabağ” da yoxdur. Bütün bu qeyri-rəsmi anlayışlar nəinki Azərbaycanın, bütövlükdə dünyanın gündəmindən silinib. Digər tərəfdən, ATƏT-in Minsk qrupu fəaliyyəti dönəmində ona verilən mandatın tələblərinə uyğun davranmayıb, status-kvonu qoruyub saxlamağa cəhd göstərib. Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırmayıb.

 Təcavüzkara qarşı beynəlxalq təzyiq mexanizmlərinin işə salınması istiqamətində əməli addımlar atmayıb. Həmçinin, Minsk qrupunun de-fakto fəaliyyətsizliyi nəticəsində işğalçını sülhə məcbur etmək zərurəti yaranıb. Bu da sözügedən təsisatın missiyasının tamamilə iflasa uğraması deməkdir. Belə hallarda bir qayda olaraq, missiyanın iflasa uğradığını bəyan edir və fəaliyyətlərinə xitam verirlər”. 

E.Mirzəbəylinin fikrincə, bu etiraf dolayısıyla da olsa, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı: 

“Öncə Minsk qrupunun həmsədrlik institunda Amerika Birləşmiş Ştatlarını təmsil edən Endryu Şofer ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri təyin olundu. Sonra İqor Xovayev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinat aldı. 

Daha sonra isə Bris Rokfey Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsinə çevrildi. Vəssalam! Beləliklə, uğursuz Minsk qrupu haqqında “əfsanə” sona çatdı. Yəni əlvida “uğursuz üçlük!”.