Qarabağ London üçün bir fürsətdir

Britaniya ilə Rusiya region uğrundakı hibrid və iqtisadi müharibədə elementlərin sayını artıracaq

     Böyük Britaniyanın Baş naziri Boris Conson IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Conson dövlət başçısı İlham Əliyevə sabiq və indiki liderlərə aktual problemləri müzakirə etmək üçün imkan yaratdığına görə təşəkkür edib. Baş nazir Rusiyanın Ukraynanı qanunsuz və səbəbsiz işğal etməsi məsələsinin Forumda əsas müzakirə mövzusu kimi çıxarmaq qərarınızı alqışlayıb. 

Conson məktubunda enerji təhlükəsizliyi və transformasiya məsələsinə də toxunub: “Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var. Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar”. 

Böyük Britanıyanın baş naziri torpaqlarımızın azad olunmasından və bölgədə aparılan quruculuq işlərindən də söz açıb: “2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin mina və digər silahlar bu bölgəni çirkləndirib. Şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı. Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi”.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, Böyük Britaniya keçmişdəki dünya qüdrətindən qalan irsə sahibdir, həmin mirası davam etdirir və qlobal siyasətdəki gedişatları müəyyən edən əsas aktorlardan biridir. Analitikə görə, Britaniya dünya ölkələrini özünün strateji maraqlarına inteqrasiya etmək üçün bazar əsaslı iqtisadiyyat, effektiv idarəetmə strukturlarına malik bir sistem yaratmaq axtarışındadır:

 “Cənubi Qafqazda yaranan yeni reallıq Britaniyaya özünün qlobal səhnədəki zonasında oyunçuları artırmaq fürsətləri təqdim edir və London qarşısında bu istiqamətdə bir neçə çağırış dayanır. 

London üçün bu regionda əsas maneə Rusiyadır, Ukraynadakı müharibə Britaniyaya fürsət tanıyır ki, Kremlin maraqlarını Cənubi Qafqazdan itələyib çıxarsın. Bununla belə, Britaniya Cənubi Qafqazdakı hərbi-siyasi proseslərin mühüm aspektlərini Rusiyanın əlindən ala bilmir. 

Təkcə Rusiya amili Birləşmiş Krallığın regiondakı mövqelərini öz istədiyi səviyyədə qurmaq planlarının qarşısına əlavə maneələr çıxarır. Ona görə də, Britaniya iqtisadiyyat əsaslı qüdrət təşkil etməklə Rusiyanın bölgədə mühasirəsini daraltmağa çalışır. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki investisiya mühiti Britaniya üçün əla fürsətdir. İndi Britaniya potensial qısamüddətli imperativlərlə yanaşı uzunmüddətli yanaşmanı davam etdirmək əzmindən əl çəkməli deyil. 

Çünki Rusiya üçün barmaq yerləri saxlamaq Britaniya üçün neqativ nəticələr hasil edər. Britaniya iqtisadi təmsilçiliklə bərabər, strateji yanaşmasını regional müşavirliklər yaratmaq, səfirliklərinin işini gücləndirmək, mövcud olandan da daha cəlbedici mədəni-təhsil proqramları ilə təmin edə bilər. Londonu regiona cəlb edən ikinci faktor enerji amilidir. Rusiya-Ukrayna müharibəsi isə Xəzər nefti və qazının böyük investoru olan Britaniyanı bu “monopoliyanı” əldən buraxmamaq öhdəlikləri ilə üz-üzə qoyur. Bu mənada, Britaniyanın Cənubi Qafqazı Avro-Atlantika məkanına tamhəcmli inteqrasiya etməsi planlarının ştrixləri Boris Consonun dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda aşkar sezilir”.

A.Kərimov qeyd edib ki, Conson məktubunda Bakının Kiyevə siyasi dəstəyini önə çəkib:

 “Britaniya Azərbaycanı Avropa bazarlarında Rusiya qazına alternativ yarada biləcək enerji resurslarının cəmləndiyini mənbə kimi nəzərdən keçirir. Buna görədir ki, Conson ölkə rəhbəri İlham Əliyevə Rusiya ilə yanacaq ehtiyatları əlaqələrinin kəsilməsində Azərbaycanın rolundan bəhs edir. 

Qərb ölkələrindən Cənubi Qafqazda Rusiya ilə ən kəskin mübarizə və ya hibrid müharibə apara biləcək əsas qüvvə Britaniyadır. Britaniya işğaldan azad edilmiş ərazilərə - Qarabağa və Şərqi Zəngəzura - baxışını Rusiya-Ukrayna müharibəsi kontekstində aktuallaşdırır. 

Amma Azərbaycan özünün bərkimiş balanslı xarici siyasət xəttini kəsib keçməyəcək və öz ərazilərini Qərb-Rusiya qarşıdurması poliqonuna çevirmək siyasətinə getməyəcək. Buna görə də indi Britaniya ilə Rusiya region uğrundakı hibrid və iqtisadi müharibədə elementlərin sayını artıracaq”.