Tokayev Kremlin iddialarına ağır zərbə vurdu

Sankt-Peterburq Forumu Rusiyanın nəinki dünyadakı, hətta postsovet məkanındakı mövqelərinin təməlindən laxladığını bir daha təsdiqlədi

"Tokayev Simonyan və onun kimilərin nə üçün panelə moderatorluq etdiyinin fərqində olduğunu ustalıqla dilə gətirdi"

     Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyada keçirilən “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu”nda qondarma “Donetsk və Luqansk respublikaları”nı açıq şəkildə tanımaqdan imtina edib. Tokayev Rusiya Prezidenti Vladimir Putinin çıxış etdiyi tədbirdə fəxri qonaq kürsüsündə olub və Kreml rəhbərindən sonra çıxış edib. Daha sonra tədbirə moderatorluq edən “Russia Today”in rəhbəri Marqarita Simonyan hər iki prezidentə suallar ünvanlayıb. Tokayev bəzi məsələlərdə Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib. Buna misal olaraq Qazaxıstanın “müstəqiliyini” elan etmiş “DXR və LXR”i tanımadıqlarını deyib.

Vurğulayıb ki, müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var: “Müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür, həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi həyata keçirilərsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə 500-600-dən çox dövlət yaranar. Əlbəttə, bu, xaos olardı. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Bu da sizin açıq sualınıza açıq cavab”. Tokayev həmçinin, Putinin yanında Dövlət Dumasının deputatlarından və Rusiya təbliğatçılarından şikayət edərək, onları ölkələr arasında nifaq salmaqda ittiham edib.

 Bununla yanaşı, Qazaxıstan prezidenti Rusiyanın “Aleksandr Nevski” ordenindən imtina edib. Bildirilir ki, Rusiya tərəfi Tokayevi Aleksandr Nevski ordeni ilə təltif etməyi təklif edib. Lakin o, bundan imtina edib. Tokayev prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarına gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Tokayevi “Aleksandr Nevski” ordeni ilə təltif etmək planları olmayıb. Qeyd edək ki, “Nevski” ordeni 1942-ci ildə təsis edilib və Rusiya ilə əməkdaşlığın inkişafındakı xidmətlərinə görə görkəmli xarici xadimlərə verilir. 

Tokayevin Forumda səsləndirdiyi bəyanatlardan sonra Rusiya Qazaxıstana qarşı addımlar atmağa başlayıb. İlk olaraq neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyulub. Qazaxıstandan gələn neftin ixracı Novorossiysk limanında dayandırılıb. Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun akvatoriyası bağlanılıb. Maraqlıdır ki, neftin nəqlinin dayanması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub. Rusiya Dumasının MDB İşləri Komitəsinin rəhbəri Konstantin Zatulin isə açıq formada Tokayevi tənqid edib və açıqlamalarını yanlış sayıb. Zatulin Qazaxıstana Ukraynada həyata keçirdikləri “tədbirləri” misal gətirib. 

     Siyasi şərhçi Elçin Mirzəbəyli “Şərq”ə bildirib ki, Sankt-Peterburq “Beynəlxalq İqtisadi Forumu” Rusiyanın nəinki dünyadakı, hətta postsovet məkanındakı mövqelərinin təməlindən laxladığını bir daha təsdiqlədi. Analitikə görə, Forum “Böyük Avrasiya” blefinə inananları xəyal qırıqlığına uğratdı: 

“Foruma Qazaxıstan prezidentindən başqa heç bir liderin qatılmaması, Rusiyanın hələ də rəsmi olaraq terror təşkilatı hesab etdiyi "Taliban"ın və separatçıların ümidinə qalması, ən azından sözügedən tədbirin iflası sayıla bilər. Doğrudur, Forumda Ermənistan prezidenti də iştirak edirdi. Lakin Ermənistanda prezident simvolik fiqurdur və ölkənin lideri Baş nazir Nikol Pasinyan sayılır. Simonyanın moderator olaraq təsadüfən seçildiyini düşünmürəm. Bu, Rusiya siyasi elitasının ənənəvi üslubunda bir davranış idi. Kreml başbilənləri, bir qayda olaraq öz "böyüklüklərini" nümayiş etdirmək üçün belə "metodlardan" yararlanmağı xoşlayırlar. Simonyanın Tokayevi qıcıqlandırmaq və aşağılamaq üçün "secildyinə" zərrə qədər də şübhə etmirəm. Tokayev Simonyan və onun kimilərin nə üçün panelə moderatorluq etdiyinin fərqində olduğunu ustalıqla dilə gətirdi. Mövqeyini rusiyalı həmkarının diqqətinə çatdıra bildi. Bununla kifayətlənməyib Abxaziya, Şimali Osetiya, Kosova və Ukrayna ərazisində yaradılan qondarma qurumları tanımadıqlarını bəyan etməklə Kremlin iddialarına və nüfuzuna olduqca ağır zərbə vurdu. Bütün bunları Putinin gözünün içinə baxaraq, Rusiyanın bütün siyasi və iqtisadi elitasının iştirak etdiyi tədbirdə dedi”. 
     E.Mirzəbəyli qeyd edib ki, Rusiya prezidentinin çıxışı isə, ümumiyyətlə anlaşılan deyildi: “Qızıl milyard” iddiası fantastik geosiyasi dedi-qodulardan ibarətdir və bütün dünyada qəhqəhə ilə qarşılanır. Bu dedi-qodunun Rusiya kimi bir dövlətin başçısı tərəfindən təsdiqini tapmış reallıq kimi dilə gətirilməsi şimal qonşumuzda ciddi arqument çatışmazlığı sindromunun və ideoloji boşluğun yaşandığını sübuta yetirir”.