Yeni planın qarşısını almalıyıq

Revanşistlər Laçın şəhərini təhvil vermək istəmir

     “Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycana təhvil verilməsinə qarşı planlar hazırlayır”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik vurğulayıb ki, “Azadlıq hərəkatı” adlı radikal təşkilatın üzvləri Laçının təhvil verilməsinin qarşısını almağa çalışırlar. Bunu necə edəcəklərinin detallarını isə açıqlamırlar: “Müxtəlif aksiyaların təşkili ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər.

Hesab etmək olar ki, erməni revanşistlər müxtəlif aksiyalarla Paşinyana təzyiq etmək, onu üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa məcbur etmək istəyirlər. Lakin iki məqam təxribatın Laçında ola biləcəyi versiyasını ön plana çıxarır. Hərəkatın üzvlərinin Laçının “müdafiəsində” fəal iştirak edəcəyi deyilir. 

İkincisi isə atacaqları addımların detalları açıqlanmır. Mümkündür ki, erməni təxribatçılar Laçının hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrində silahlı dəstələr yaradıb və alternativ marşrutun istifadəyə verilməsindən sonra hərəkətə keçəcəklər. 

Bu prosesdə Rusiyanın da mümkün maraqları var. Ermənistan tərəfinin məlumatları yeni marşrutun daha əlverişsiz olduğu yönündədir. 

Bu, ruslara sərf etmir. Çünki yeni yol ermənilərin Qarabağa gediş-gəlişini çətinləşdirə, əhalinin bölgədə qalmaq perspektivini daha da azalda bilər”.

     Ekspert vurğulayıb ki, Bakı “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” tələbini yeni marşrutun istifadəyə verilməsindən sonra aktuallaşdıra bilər: “Moskva Laçın şəhərinin Azərbaycana təhvil verilməsi məsələsini “üçtərəfli razılaşmalarda irəliləyişlər”dən biri kimi Bakıya qarşı kart kimi istifadə etməyi planlaşdırır. 

İstisna deyil ki, bu kartı hələki əlindən çıxarmaq niyyətində deyil. “Azadlıq hərəkatı”nın üzvlərinin Laçının “müdafiəsi”ndə iştirakı” doğrudursa, bunun rus sülhməramlılarının icazəsi olmadan etmədikləri də bəllidir.

  Paşinyanın da burada öz oyununun olması ehtimalı nəzərdən qaçmamalıdır. Rəsmi İrəvanın “Azadlıq hərəkatı”ndan ikinci “Sasna srer” hadisəsi düzəldə bilməsi mümkün versiyalardan biridir”.