Gürcüstanın Avropaya yolu dəyişməyəcək



Rusiyanın Ukraynada istədiyini ala bilməməsi və hərbi vəziyyətinin ifşa olması keçmiş sovet respublikalarının tədricən Rusiyadan uzaqlaşmasına səbəb olub

Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Avropaya inteqrasiyasına kütləvi dəstək aksiyası keçirilib. “Ayıbdır” hərəkatının parlamentin binası qarşısında təşkil etdiyi “Evə - Avropaya” adlı mitinqə minlərlə insan qatılıb. Qanunverici orqanın qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Mitinqə Avropa meydanına yürüşlə yekun vurulub. Gürcüstan hökuməti aksiyanı olduqca mənfi qarşılayıb. Baş nazir İrakli Qaribaşvili mitinqi destruktiv qüvvələrin təşkil etdiyini bildirib. Hökumət vətəndaşları təxribatlara uymamağa çağıraraq ölkədə qeyri-sabitliyin yaradılmasına yol verilməyəcəyini bəyan edib. “Evə - Avropaya” şüarlı aksiya Gürcüstanın bir sıra digər şəhərlərində də baş tutub. Məlumat üçün bildirək ki, gürcülərin meydanlara çıxmasına səbəb ölkə Prezidenti Salome Zurabişvilinin çağırışı olub. Zurabişvili Tbilisi hökumətini Qərbə inteqrasiya xəttindən uzaqlaşmaqda ittiham edərək əhalini küçələrə səsləyib. 

Qonşu ölkədəki aksiyaları “Şərq”ə analiz edən politoloq Əhəd Məmmədli xatırladıb ki, Salome Zurabişvili hakimiyyətə gələndə onu “ruspərəst” siyasətçi kimi təqdim edirdilər. Analitikə görə, ola bilər ki, Zurabişvili ilk dövrlərdə hakimiyyətini möhkəmləndirmək üçün Moskvaya “dost” görünüb:

 “Rusiyanın Ukraynanı işğalından sonra proseslərə yanaşma tamamilə dəyişib. Qərb sadəcə hərbi deyil, həm də siyasi cəhətdən postsovet ölkələrində əks-hücuma keçib. Qərb çalışır ki, tədricən Rusiyaya loyallığı ilə seçilən postsovet ölkələrinin rəhbərlərini öz tərəfinə çəksin. 

Qazaxıstan Prezidenti Tokayevin Rusiyada söylədikləri də bundan qaynaqlanır. Rusiyanın Ukraynada istədiyini ala bilməməsi və hərbi vəziyyətinin ifşa olması keçmiş sovet respublikalarının tədricən Rusiyadan uzaqlaşmasına səbəb olub. Zurabişvilinin gürcüləri Qərbə inteqrasiya siyasətinə dəstək verməyə çağırması da bununla bağlıdır. 

Yəni qonşu ölkədə baş verənlər Gürcüstanın daxili məsələsi yox, Qərb-Rusiya qarşıdurmasının postsovet məkanına yansımasıdır”.