"İqtidar da, müxalifət də eyni mövqedən çıxış edir"

Tural Abbaslı: "Üçüncü qüvvələrin Azərbaycan daxilindəki olaylara qarışması yolverilməzdir"

     “İran zaman-zaman Azərbaycanın daxili işlərinə qarışmağa çalışıb”. Bu sözləri “Şərq”ə açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. Partiya rəhbəri bildirib ki, Tehran hökuməti müəyyən dövrlərdə rəsmi Bakının siyasətinə təzyiq göstərməyə cəhd edib: “Azərbaycan dövləti hər zaman belə yersiz müdaxilələrin qarşısını alıb. Cəmiyyətin böyük əksəriyyəti İranla və onun əlaltıları ilə bağlı məsələdə hökuməti dəstəkləyiblər. Biz müxalifət partiyası olsaq da, hesab edirik ki, daxilimizdə baş verən hadisələr bizim öz işimizdir. 

Kənar tərəflərin, üçüncü qüvvələrin Azərbaycan daxilindəki olaylara qarışması yolverilməzdir. 

Biz bunun qəti əleyhinəyik. Sirr deyil ki, İran dünyanın bir sıra ölkələrində din pərdəsi altında həmin dövlətlərin siyasətinə, idarəetməsinə müdaxilə etməyə çalışır. Öz hədəflərinə nail olmaq, məkirli məqsədlərini həyata keçirmək istəyir. 

Azərbaycanda buna imkan vermək olmaz. Bu məsələdə iqtidar da, müxalifət də eyni mövqedən çıxış edir. Sadəcə burada incə nüans var. Çalışmaq lazımdır ki, kənar güclərin müdaxiləsinə əsas yaratmayaq. 

Daxildə ədalətli məhkəmə, istintaq və araşdırma mexanizmi qurulmalıdır ki, kimlərsə özündən “əzabkeş” obrazları yaratmasınlar. O zaman İran kimi ölkələrin siyasi müdaxilə cəhdlərinin də qarşısı alınar”.