Siyasi mənzərə sürətlə dəyişir

Lavrov Bakı səfərindən öncə Tehranda danışıqlar aparacaq

XİN başçısı Tehranın Qərblə yeni nüvə anlaşması imzalayıb-imzalamayacağı barədə iranlı rəsmilərin nəbzini yoxlayacaq

     Rusiya Xarici işlər naziri Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb. Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr aparacaq. Eyni zamanda Azərbaycan Prezidenti ilə görüş gözlənilir. Səfər zamanı Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları müttəfiqlik haqqında bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Xarici işlər naziri Sergey Lavrov Azərbaycandan öncə İrana işgüzar səfərə gedəcək. Lavrovun Tehrana səfəri iyunun 22-23-də baş tutacaq. Rusiya XİN başçısının Tehrana səfəri zamanı ikitərəfli münasibətlərin, İranın nüvə problemi ətrafındakı vəziyyətin, Suriya və Ukrayna problemlərinin müzakirə olunacağı bildirilib. Lavrov Tehran səfərindən sonra Bakıya gələcək. 
     “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya və İran Qərbin sanksiyaları altındadır. Ekspert bildirib ki, hər iki ölkə bir-biri ilə siyasi və iqtisadi əlaqələrin inkişafını istəyir: “Sadəcə həm Rusiyanın, həm də İranın hazırkı ağır iqtisadi vəziyyət şəraitində bir-birilərinə təklif edəcək layihələr çox deyil. İki dövlət arasında hərbi əməkdaşlıq haqqında çox danışılsa da, bu istiqamətdə də irəliləyiş yoxdur. İranın kifayət qədər maliyyəsi yoxdur ki, Rusiyadan almaq istədiyi hərbi texnikanın hesabını ödəyə bilsin. İkinci mövzu Tehranın nüvə çalışmalarıyla bağlıdır. Lavrov Tehranın Qərblə yeni nüvə anlaşması imzalayıb-imzalamayacağı barədə iranlı rəsmilərin nəbzini yoxlayacaq. Suriyaya gəldikdə Rusiya və İran Türkiyənin yeni hərbi əməliyyatının əleyhinədirlər. Tehranda tərəflər bunu vurğulayacaqlar. Ancaq Türkiyə milli və təhlükəsizlik maraqlarından çıxış edir. Əgər bu maraqlar Suriya ərazisində terrorçulara qarşı hərbi əməliyyatı diktə edəcəksə, Moskva və Tehranın bu barədə nə düşündüyü Ankara üçün əsas olmayacaq”.