ABŞ-ın Minsk qrupunu dirçəltmək cəhdi təhlükəlidir


Azərbaycan Vaşinqtonun Qarabağ danışıqlarını yenidən uğursuzluq zolağına çəkməsinə imkan verməyəcək


  ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid ATƏT-in Minsk qrupu məsələsini yenidən gündəmə gətirib. Keçən həftəsonu Bakıdan İrəvana yollanan diplomat bəyan edib ki, “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün Minsk qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır”. Donfrid Vaşinqtonun Minsk qrupunun həmsədrlik prosesini dəstəklədiyini deyib: “Biz inanmağa davam edirik ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır. Sülh prosesini irəli aparmaqdan ötrü fərqli formatları saxlamaq vacibdir. 

Və biz bunu yaxın gələcəkdə də davam etdirəcəyik”. Amerikalı diplomat həmçinin bu formatda Rusiya ilə əməkdaşlığı mümkün saydığını bildirib: “Rusiya Minsk qrupunun həmsədridir. Odur ki, bəli, Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində Bakının Minsk qrupunun Qarabağ məsələsi ilə məşğul olmaq cəhdlərinə imkan verməyəcəyini açıq şəkildə söyləyib. IX Qlobal Bakı Forumunda Prezident oxşar fikri bir daha təkrarlayıb. Qeyd edək ki, hazırda ABŞ, Fransa və Rusiya münasibətləri ən kritik dövrünü yaşayır. 

  Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Donfridin açıqlamasını şərh edib. Zaxarova bildirib ki, Moskva ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində işləməyə hazır olması barədə bəyanatlarının səmimiliyinə şübhə edir:

 “Əgər Vaşinqton və Paris həqiqətən də Minsk qrupunun unikal vasitəçilik formatını vacib hesab etsəydi, bütün iştirakçı dövlətlər tərəfindən təsdiq edilmiş mandatına etinadsız yanaşmazdı”. Onun sözlərinə görə, ABŞ və Fransa fevralın 24-də Minsk qrupunun rusiyalı həmsədri ilə təmasları heç bir məsləhətləşmə aparmadan kəsiblər. Bu cür məsuliyyətsiz hərəkətlərin təkrarlanmayacağına təminat yoxdur”.

  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Vaşinqtonun Minsk qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər. Analitikin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir: 

“Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb. Rəsmən elan edib ki, Minsk qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur. İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk qrupunda fəaliyyət göstərə bilməyəcək. Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə tutub ki, yox e, “birgə çalışmalıyıq”. Səbəb nədir? Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir. Guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda – enerji, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və rəsmi Bakı bundan məmnundur. Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına cavab verir. Aydındır ki, Vaşinqton rəsmən Minsk qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə, Minsk qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq”.