Lavrov qovluğunda nə gətirir? -  "Bakının şərtlərini aktuallaşdıracaq"


Aqşin Kərimov: "Lavrovun səfəri Azərbaycan-Ermənistan sülh gündəliyində

  “Bakı-Moskva əlaqələrində zamanla ziddiyyətlər və mübahisəli məqamlar yaransa da, bu, iki dövlətin bir-birinə yaxınlaşmasının qarşısında sərt maneəyə çevrilməyib”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Rusiyanın postsovet məkanında ambisiyalarını artırmaq cəhdlərinin bir ucu da Azərbaycana toxunur: “Rusiyanın Azərbaycanda təsir dairəsi daralsa da, Bakı təhlükəsizlik məsələlərində səbrli davranır və mövcud boşluqları doldurmaq üçün Türkiyə ilə birlikdə siyasi-diplomatik səylərini hərbi-siyasi aktivliklə uzlaşdırır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, qarşısına Rusiyanı almaq kimi bir amala söykənmir. Ancaq bu birlik Kremldən əsdirilən küləklərin qarşısında həlledici baryer rolunu oynayır. Cənubi Qafqazdakı yeni reallıqlar zəminində üç ölkə vahid ox ətrafında da birləşə bilir və bəzi addımlar Bakı-Ankara-Moskva üçlüyü formatındakı birgə maraqlar çərçivəsində atılır. 
  Rusiya üçtərəfli və çoxtərəfli formada əlaqələrin dinamikasından məmnundur. Amma o, proseslərdə ambisiyalı siyasətini ortaya qoyaraq hegemonluq prinsipləri ilə üstünlük qazanmaq meylindən kənarlaşmır və mübahisəli məqamlar da burada yaranır. Azərbaycan imzalanan üçtərəfli bəyanatlarda Moskvanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb edir. Rusiyanın hazırkı duruşunda Azərbaycanın maraqlarına pozitiv cavab verən elementlərin çoxluğu müşahidə edilsə də, Kreml ara-sıra ikibaşlı mövqe nümayiş etdirir. Ukraynadakı müharibə fonunda isə həmin ritorika qızışır. Cənubi Qafqazda Türkiyə ilə Rusiya səylərini eyni yolda idarə edirlər. Bu isə Azərbaycanın strateji təhlükəsizlik sferası ilə üst-üstə düşür”. 

  Ekspertə görə, Sergey Lavrovun Bakıya səfəri açıq qalan məsələlərin həlli və müştərək maraq yaradan sahələrin inkişaf etdirilməsi baxımından qiymətləndirilə bilər: “Moskvada narazılıq yaradan digər məqam Qərbin təşəbbüsü ilə Azərbaycan-Ermənistan danışıqlarının reallaşmasıdır. Rusiya Prezidenti Vladimir Putin ötən ilin noyabr ayındakı Soçi danışıqlarından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünü təşkil etməyib və ya edə bilməyib. Bunu isə Qərb dəyərləndirərək liderləri Brüsseldə bir araya gətirib. ABŞ və Britaniya ikilisinin Azərbaycan-Ermənistan sülh gündəliyi fonunda Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətləri görünür. Etiraf etmək lazımdır ki, onların bu regiondakı iqtisadi fəallığı heç də Rusiyanın strateji maraqları ilə ziddiyyət təşkil etmir. Niyə? Çünki regionda iqtisadi aktivlik Rusiyanın əlinə işləyir, amma siyasi mövzularda iplər qırılır. Moskva Bakının Qərblə münasibətlərinin hərbi-siyasi müstəvidə ağır çəki qazanmasını arzulamır. 
Ona görə də şübhə yeri qalmır ki, Lavrov Qərb ölkələrinin diplomatlarının Bakıya intensiv səfərlərində onların hansı məsələləri müzakirə masasına qoyduğunu öyrənmək üçün gəlir”. 

  A.Kərimov vurğulayıb ki, Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki təhlükəsizlik məsələsi, həmin zonanın ictimai-siyasi mühitinin dəyərləndirilməsini aparır. Bununla bağlı Türkiyə və Rusiya ilə məlumat mübadiləsi həyata keçirir: 

“Artıq Rusiya sülhməramlılarının Laçın şəhərinin mərkəzindən çıxarılaraq Laçın yoluna alternativ çəkilən yola yerləşdirilməsi prosesi başlayır və Bakı ilə Moskva bundan sonrakı təhlükəsizlik məsələlərinin sxemini müzakirə edir. Qarabağdakı erməni əhalinin təhlükəsizliyinə Azərbaycan dövləti təminat verir. Lavrov həmin təminatların motivlərini öyrənmək və Moskvanın prosesdə oynaya biləcəyi rolu bildirmək üçün yolunu Bakıya salır. 
  Moskvanın bu istiqamətdəki rolunu Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin maddələrinə istinadla xatırlatmaq lazımdır. Rusiya separatçıları qızışdıran hərəkətlərdən çəkinməli və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini şübhə altına qoya biləcək ikibaşlı manevrlərə yol verməməlidir. Lavrov Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində əldə edilən nəticələr barədə də məlumatlar alacaq. Moskvanın bundan sonrakı addımları həmin nəticələrlə uyğunlaşdırılacaq. 
  Lavrovun qovluğundakılar ikitərəfli münasibətlərin xarakterini müttəfiqlik bəyannaməsi ilə möhkəmləndirən tezislərə əsaslanır. Lavrovun səfəri Azərbaycan-Ermənistan sülh gündəliyində Bakının şərtlərini aktuallaşdıracaq. Rusiya-Ukrayna müharibəsi fonunda Moskva Bakı və Ankara ilə yeni əməkdaşlıq mexanizmi qurmağa çalışacaq. Bunun üçün maliyyə təminatları mənbələrini arayacaq. 
Rusiya Azərbaycanın enerji bazarlarında artan roluna görə Bakıya olan qısqanc münasibətini davam etdirsə də, bu, münasibətlərə xələl gətirməyəcək”.