Dəqiq proqnoz vermək çətindir


Avropa İttifaqının rəsmiləri Ukraynanın üzvlüyə konkret olaraq nə vaxt qəbul ediləcəyini açıqlamır

  Avropa Parlamenti Ukrayna və Moldova ilə bağlı qətnamə qəbul edib. Qanunverici orqan hər iki ölkəyə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun verilməsini dəstəkləyib. Qeyd edək ki, Ukrayna və Moldovaya namizəd statusunun verilib-verilməməsi ilə bağlı yekun qərar Aİ-nin Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitində qəbul ediləcək. Xatırladaq ki, Moldova, Ukrayna və Gürcüstan uzun müddətdir Avropa İttifaqının üzvü olmaq üçün ciddi təşəbbüslər göstərirlər. Xüsusən, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra adıçəkilən ölkələrin Aİ-yə üzvlük məsələsi bir qədər də aktuallaşıb. 

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, hər yeni üzvün Avropa İttifaqına qəbul edilməsi dil, adət-ənənə və milli maraqlar fərqliliyinə, eyni zamanda əhəmiyyətli dəyişikliklərin olmaması səbəbindən təşkilatın ahəngdarlığı pozulur. İdarəetmə çətinləşir. Partiya rəsmisinin sözlərinə görə, Avropa İttifaqının müəyyən prinsipləri və kriteriyaları var: 

“2014-cü ildə Ukraynanın Avropa İttifaqına assosiativ üzv qəbul edilməsi barədə saziş imzalanıb. Amma Ukrayna təşkilata tamhüquqlu üzv kimi qoşulmaq istəyirsə, müəyyən olunmuş kriteriyalara tam cavab verməlidir. Hazırda Avropa İttifaqı özündə 27 dövləti birləşdirir. 

Bir neçə dövlət üzvlük barədə müraciət etsə də, hələ təşkilata qəbul olunmayıb. Bu dövlətlərdən biri də Ukraynadır. Hazırkı münaqişəyə qədər Ukrayna ilə Aİ arasında bu istiqamətdə müzakirələr davam edib. 

Aİ rəsmisi Jozef Borrelin bir müddət əvvəl təmsil etdiyi təşkilat adından yaydığı açıqlamada qeyd olunurdu ki, Avropa İttifaqı Ukraynanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləyir. Rəsmi Kiyevlə siyasi və iqtisadi əlaqələrin güclənəcəyi deyilmişdi. Bütün bunlara rəğmən, hətta rəsmi namizədlik statusu verildikdən sonra belə Avropa İttifaqının rəsmiləri Ukraynanın üzvlüyə konkret olaraq nə vaxt qəbul ediləcəyini açıqlamır. 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də məlum açıqlamasında “Ukrayna Avropa İttifaqına daxil olmalıdır” deyib. Bunun zamanla baş tutacağını söyləyib. Hesab edirəm ki, bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Ən azı həmin regionda münaqişə dayandıqdan, sabitlik bərpa olunduqdan sonra bu barədə fikir yürütmək olar”.