Hiddəti nəzərə almışdı

Lavrov Bakıda daha ehtiyatlı, ağıllı cümlələr qurdu

XİN başçısının diqqətinə çatdırıldı ki, sülh prosesinin pozulması bölgədə Rusiyanın varlığı üçün problem ola bilər


  Prezident İlham Əliyev Rusiya Xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən önəmli məqamları rusiyalı qonağın diqqətinə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, müharibənin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq, üçtərəfli Bəyannamənin bəzi bəndləri indiyə qədər yerinə yetirilməyib. Ölkə rəhbəri qeyd edib ki, kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi Ermənistan tərəfinin hüquqi öhdəliyidir: 

“Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”. Prezident bəyan edib ki, rəsmi Bakının sülh müqaviləsi üzərində işə başlamaq barədə təklifi hələlik cavabsız qalıb: “Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq”.  
  Rusiya Xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bildirib: “Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, Baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi” – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir”. 

  “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfəri, dövlət başçısı ilə görüşü və bəzi detalların gündəmə gətirilməsi önəmlidir. Analitik bildirib ki, ölkə rəhbəri İlham Əliyevin Ermənistanın konstruktiv sülh danışıqlarından qaçmasını qeyd etməsi diqqətçəkən məqamdır: 

“Ancaq “Lavrovun Paşinyanın da buna hazır olduğunu söyləməsi” rus siyasətindən qaynaqlanır. Azərbaycan Prezidenti rəsmi Bakının mövqeyini növbəti dəfə Rusiya təmsilçisinin diqqətinə çatdırdı. Lavrovdan isə fərqli yanaşma gözlənilmirdi. Xüsusən, bir müddət öncə İrəvanda dediklərindən sonra ölkə ictimaiyyətinin rus nazirə hiddəti bir qədər də artmışdı. Görünür, Azərbaycan Xarici İşlər Nazirliyinin sərt mövqeyindən sonra Lavrov Bakıda daha yumşaq mövqedən çıxış etməyə məcbur qalıb. Lavrov istər dövlət başçısı, istərsə də azərbaycanlı həmkarı Ceyhun Bayramovla çıxışı zamanı daha ehtiyatlı, ağıllı cümlələr qururdu. Prezident İlham Əliyevin Lavrovu qəbul edərkən Ermənistanla aparılan danışıqlardan narazılığını ifadə etməsi ciddi mesajdır. Dövlət başçısı Rusiya təmsilçisinə başa salır ki, danışıqların pozulması sizin bölgədə varlığınız üçün də problem ola bilər. Dolayı yolla, rəsmi Bakı Lavrovun diqqətinə çatdırır ki, bölgədəki proseslərin dalana dirənməsində, vəziyyətin gərginləşməsində İrəvan qədər Moskvanın da məsuliyyəti var. Şübhə etmirəm ki, Azərbaycan tərəfinin bütün haqlı iradları Lavrov vasitəsi ilə Kremlə çatdırılacaq. Lakin bununla bərabər rəsmi Bakı Avropa Birliyi və qardaş Türkiyə ilə təmasları davam etdirməlidir”.