Ermənilər Kəlbəcərdə səslənən mesajları rahat eşitdi

Prezidentin xəbərdarlığının motivi “sülh olmazsa, ikinci “Dəmir yumruq” olacaq” mövqeyinə söykənirdi 

Azərbaycan dövləti müharibədən sonrakı periodda sərhəddə mövqelərini önəmli şəkildə möhkəmləndirib


  “Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək”. Bu barədə Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq: “Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: 

“Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. Ölkə rəhbəri qeyd edib ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır: “Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”. 

  Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə komando hərbi hissəsinin açılışında çıxışı postmünaqişə dövründə Azərbaycanın qazandığı hərbi-siyasi üstünlüklərinin elanı kimi şərh edilə bilər. Analitik vurğulayıb ki, bu, sayca dördüncü komando hərbi hissəsidir:

 “Azərbaycan Ordusunda elit qüvvələrin hərbi hissə və şəxsi heyət olaraq sayı artır. Dövlət başçısı İlham Əliyevin Kəlbəcərdə, Ermənistanla sərhəddə rəsmi İrəvana ünvanladığı xəbərdarlıq mesajlarının motivi “sülh olmazsa, ikinci “Dəmir yumruq” olacaq” mövqeyinə söykənirdi. Azərbaycan dövləti müharibədən sonrakı periodda Ermənistanla sərhəddə mövqelərini önəmli şəkildə möhkəmləndirib. Sərhəd boyunca nəzarəti həm vizual, həm texniki imkanlarla genişləndirmə işlərini davam etdirir. Prezidentin öz çıxışında “Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır” deməsi həmin istiqamətdə sistemli işin davam etdiriləcəyinin bəyanıdır. Ermənistanla sərhəddə ən müasir silahların yerləşdirilməsi ilə bu ölkəyə doğru atəş məsafəsi daha da qısaldılacaq. Azərbaycan Ordusu danışıqların nəticəsindən asılı olmayaraq sərhəddə mövqeləri irəli çəkəcək. Bunun üçün əsaslı səbəblər mövcuddur. Azərbaycan mövqelərdə möhkəmlənmə xəttindən kənara çəkilsə, bu, Ermənistan üçün vaxt qazanmaq və revanşist meyillərin oyanması fürsətinə çevrilər. Bakı isə bu fürsətlərin ipucunu belə, Ermənistana göstərmək niyyətindən uzaqdır. Azərbaycanın mövqelərdə möhkəmlənmə işlərini davam etdirməsi ara-sıra atəş səsləri ilə müşahidə olunacaq.
Azərbaycan hərbi-siyasi üstünlüklərlə yanaşı, iqtisadi parametlərlə də Ermənistan üzərində güclü təzyiq dalğası yaratmağa nail olub. Azərbaycanın hərb variantı üstün seçim kimi görünsə də, bu, əslində Ermənistan üzərində iqtisadi mühasirənin gücləndirilməsi prosesi ilə paralel aparılır”.
  Ekspert qeyd edib ki, Ermənistan sərhədinə doğru yol çəkilişinin həyata keçirilməsi də (Laçın və Kəlbəcərdən) həmin iqtisadi konsepsiyanın bir elementidir: “Həmin yolların uzunluğu 700 kilometr olacaq və bu, hərbi təminatın gücləndirilməsi və optimallaşdırılmasını stimullaşdıracaq. Dövlət başçısı İlham Əliyevin Kəlbəcərdəki bəyanatı hərbi perspektiv baxımından senarini də özündə ehtiva edir. Ölkə başçısının açıqlamasının ardından Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın müharibəyə hazırlaşdığını iddia etdi. Ənənəvi erməni bicliyinin təcəssümü olan Paşinyan bu açıqlama ilə üç auditoriyaya ismarış ünvanlayır. Birincisi, Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edir ki, İrəvanın sülh gündəliyini Bakının şərtləri altında qəbul etməkdən başqa çarəsi yoxdur. Əks təqdirdə Azərbaycan tarixi ərazilərini (Qərbi Zəngəzur) geri qaytaracaq. Digər yandan beynəlxalq aləmdən dəstək istəyir və Azərbaycana qarşı cəbhə açmağa çalışır. Həmçinin, Ermənistan əhalisini sülhə inandırmağa cəhd edir və öz hakimiyyətini möhkəmləndirmək üçün indidən arqumentlər toplayır”.
A.Kərimova görə, Paşinyanın müharibəyə dair açıqlaması Ermənistanın aciz mövqeyini göstərir: “Artıq İrəvan münaqişə dövründə olduğu kimi hədə səsləndirmir. Azərbaycanın Qərbi Zəngəzur kontekstində də asanlıqla yeni reallıq yarada biləcəyini qəbul edir. “Azərbaycan müharibə istəyir” deyən Paşinyan elə həmin gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Laçın şəhərinin və Zabux kəndinin Azərbaycana təhvil veriləcəyini söyləyib. O, bu ərazilərdə yaşayan ermənilərin yaşayış evləri ilə təmin olunacağını bildirib. Bununla da Paşinyan Qarabağda və Şərqi Zəngəzurda yaşayan erməni əhalinin təhlükəsizliyinə dair Azərbaycanın şərtlərini qəbul etmiş kimi görünür. Yəni həmin ərazilərdə məskunlaşan ermənilərə deyir ki, siz Azərbaycan bayrağı altına keçsəniz, daha xoşbəxt ola bilərsiniz. Erməni əhali bu şərti qəbul etməsə, o zaman Paşinyan hökumətinin üzərinə əlavə yük düşəcək. Paşinyan komandası özü həmin ermənilərin köçünü təşkil etməli və onlara Ermənistanda yuva qurmalıdır ki, bu da İrəvana sərf etmir. Şərqi Zəngəzur bölgəsində Ermənistan təxribatlar törədəcək və cavabını alacaq. Erməni əhali faktoru bəzi problemlər yaradacaq, amma Azərbaycan bu mənasız dirənişə qarşı reseptləri dövriyyəyə salacaq. 10 noyabr bəyanatının 4-cü maddəsinin icrası sürətlənəcək. Çünki yaranan mənzərədə onların əl-qol açması üçün lazımi məsafə qalmır”.