Tarixi şans yaranıb

Vasif Əfəndiyev: “Türkiyə-Ermənistan münasibətləri heç də ikinci plana keçməyib”

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir. Nümayəndələr arasında artıq üç dəfə: - yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə deyib ki, Ukrayna ətrafında baş verən hadisələr fonunda Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri heç də ikinci plana keçməyib. 

Partiya funksioneri bildirib ki, bölgəmizdə qərbin və Rusiyanın maraqları bir an da olsun aktuallığını itirməyib: 

“Mütəmadi olaraq ən yüksək səviyyədə səfərlər davam edir. Bu yaxınlarda Rusiya Xarici işlər naziri Lavrovun region ölkələrinə səfərləri də diqqət mərkəzindədir. Hazırda Rusiyanın Suriya və Qarabağda fiziki müdaxiləsinin zəifləmiş vəziyyətindən yararlanmaq üçün növbəti tarixi şans yaranıb. Azərbaycan Prezidentinin Kəlbəcərdə Ermənistana növbəti xəbərdarlığı ciddi mesajdır. Paşinyan təşvişə düşərək guya sülh prosesinə Azərbaycanın mane olduğunu dilə gətirdi. Əslində Paşinyanın bəyanatı ikibaşlıdır. İlk növbədə Paşinyan erməni ictimaiyyətinə mövcud durumu anladır və Azərbaycanın təklif ediyi sonuncu ən əlverişli həll yolu olduğunu çatdırmaq istəyir. Əks təqdirdə daha pis variantla üzləşəcəklərini bildirir. İkincisi isə ermənilərə və dünya ictimaiyyətinə çatdırır ki, “biz müharibəyə hazır deyilik və Azərbaycanın qəfil hücumuna məruz qala bilərik”.

V.Əfəndiyevə görə, Türkiyə ilə Ermənistanın arasındakı münasibətlərin daha da yaxşılaşıdırlması vacib və günün tələblərindən olan şərtdir: 

“Biz torpaqlarımızın böyük hissəsini işğaldan azad etmişik. Danışıqlar ərəfəsində mütəmadi olaraq üstünlüyümüzü göstərmək şərti ilə diktəmizi edirik. Ermənistan ya bizim şərtləri qəbul edəcək, ya da zorla qəbul etdiriləcək. Türkiyə dəfələrlə sübut etdi ki, atdığı bütün addımlar iki qardaş ölkənin maraqlarına tam uyğundur. Azərbaycan və Türkiyə güclü dövlət nöqteyi-nəzərindən çıxış edərək həm də region ölkəsi Ermənistanın maraqlarını təmin etmək üçün çalışmaqdadır”.