Kremllə danışıqların heç bir mənası yoxdur

Lavrovun Ukrayna tərəfini günahlandırması isə həyasızlığın son həddidir

"Rusiyanın planları tək Ukrayna ilə məhdudlaşmayacaq: “Bu rejim dünya birliyi tərəfindən zərərsizləşdirilmədikcə heç kimə rahat həyat olmayacaq"

  “Hazırkı vəziyyətdə Ukrayna ilə danışıqlar aparmağın mənası yoxdur”. Bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov Kiyevlə danışıqlar prosesini şərh edərkən deyib. Nazir vurğulayıb ki, xüsusi əməliyyatların lap əvvəlində Ukrayna rəhbərliyi danışıqların tərəfdarı olub: “Biz rədd cavabı vermədik və prosesə düzgün yanaşdıq. Belarusda baş tutan ilk raundlar göstərdi ki, Ukrayna tərəfində nəyisə ciddi şəkildə müzakirə etmək istəyi yoxdur. O zaman biz situasiya barədə onlara öz dəyərləndirmələrimizi təqdim etdik. Dedik ki, əgər siz ciddi şəkildə çalışmaq istəyirsinizsə, bizə yazılı şəkildə bunu verin ki, biz konkret olaraq hansı danışıqlar barədə söhbət gedəcəyini bilək”. 

  XİN başçısının sözlərinə görə, Ukrayna tərəfi bundan sonra yazılı formada öz istəklərini təqdim edib və bu prinsiplər Rusiya tərəfindən təqdir edilib. Lavrov bildirib ki, Moskva bu prinsiplər əsasında müqavilə bağlamağa hazır olub: “Biz onların məntiqlərinə əsaslanan sənədləri təqdim etdik. Aprelin 15-dən sənəd onlara verildi, o vaxtdan bəri onlardan səs çıxmır”. Nazir Kiyevin cavab əvəzinə, Avropa liderlərinin “Ukrayna döyüş meydanında qalib gəlməlidir, indiki vəziyyətdə danışıqlar masasına oturmamalıdır, çünki cəbhədə mövqeləri zəifdir” kimi bəyanatlar səsləndirdiyini qeyd edib. Bu arada Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ukrayna rəhbəri Vladimir Zelenski arasında telefon danışığı olub. Telefon söhbəti zamanı tərəflər Ukraynanı dəstəkləmək üçün lazım olan ehtiyaclar barədə danışıblar. Aİ Şurasının prezidenti vurğulayıb ki, Ukrayna Rusiya təcavüzünə cəsarətlə cavab verərkən, Aİ də əlavə hərbi yardım təmin edəcək: “Yeni sanksiyalar hazırlanmaqdadır. Bu, bizim qətiyyətimizdən geri çəkilməyəcəyimizi göstərir”.

  Politoloq Azər Qasımov “Şərq”ə deyib ki, Rusiya ordusunun Ukrayna ərazisinə daxil olduğu ilk andan etibarən danışıqlar öz legitimliyini itirib. Siyasi şərhçiyə görə, dinc əhaliyə qarşı törədilən cinayətlər, yaşayış ərazilərinin və binaların məqsədli şəkildə bombalanması Rusiya hakimiyyətini cinayətkar və terrorçu durumuna salıb, onların əsl mahiyyətini üzə çıxarıb:

 “Bu durumda Ukrayna hakimiyyətinin Moskva ilə danışıqlara getməsinin özü belə Rusiya hakimiyyətinə qarşı bir jest olardı. Görünən odur ki, Ukrayna nümayəndələri Rusiyanın danışıqları görüntü xatirinə apardığı qənaətinə gəlib. Bunun heç bir əməli nəticəsinin olmayacağını anladıqları üçün Kremllə danışıqları yarımçıq kəsiblər. Lavrovun Ukrayna tərəfini günahlandırması isə həyasızlığın son həddidir. Rusiya heç bir məsələdə sözünə əməl etməyib. Rusiyanın öz işğalçı mahiyyətini gizlətmək üçün Qərbi, ABŞ və Avropa ölkələrini ittiham etməsi absurddur”. 

  Analitik qeyd edib ki, Rusiya rəsmilərinin, o cümlədən Müdafiə naziri Sergey Şoyqunun sovet ittifaqının bərpa olunması ilə əlaqəli yayılan videosu bir daha onu deməyə əsas verir ki, Rusiyanın planları tək Ukrayna ilə məhdudlaşmayacaq: 

“Bu rejim dünya birliyi tərəfindən zərərsizləşdirilmədikcə heç kimə rahat həyat olmayacaq. Rusiyaya bu yolda azacıq dəstək olan hər bir ölkə də öz payını alacaq, verdiyi dəstəyə görə cəzalandırılacaq. Qəhrəman Ukrayna xalqının azad və firavan yaşamaq hüququ var. Ukraynalılar rus işğalçılarına layiqli müqavimət göstərirlər. Əminik ki, işğalçını öz evinə kimi qovaraq dünya tarixində qalacaqlar”.