Vəziyyət dəyişib: Avropa Parlamenti də haqqa gələcək



Dünən parlamentdə Azərbaycana qarşı cəfəngiyyat danışanlar bu gün reallıqla barışmağa məcburdur

  Prezident İlham Əliyev ötən gün Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı avropalı diplomatların ölkəmiz haqqında yalan, böhtan, qərəzlə dolu məlumatlar yaydığını bildirib. Ölkə rəhbəri deyib ki, o, hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını yaddan çıxarıb: 

“Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”. 

Prezident bildirib ki, müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri Qarabağa çoxsaylı səfərlər ediblər. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar: 

“Nümayəndələr hər hansı erməni mədəni irsinin dağıdılmasını görməyiblər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər. Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır”. Ölkə başçısının da vurğuladığı kimi Ermənistan hərbçiləri işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni irsini darmadağın edib, məscidlərimizi təhqir ediblər. Bütün bunları görməzliyə vuran Avropa Parlamentinin ədalətsiz mövqeyi bu quruma olan inamı heçə endirib. Buna rəğmən, Azərbaycan öz milli maraqları çərçivəsində qurumla əməkdaşlığa böyük önəm verir. Öz növbəsində Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Görünür, bu perspektivli əməkdaşlıq Avropa parlamentarilərini qane etmir. Ona görə bu dəfə də dövlətimizin başçısı tərəfindən layiqli cavablarını aldılar. Bütün bunlardan sonra Avropa Parlamenti ikili standartlardan və ədalətsiz mövqeyindən əl çəkməlidir.

  Politoloq Sədrəddin Soltan bildirib ki, ötən müddət ərzində, xüsusilə 44 günlük müharibə dövründə və ondan sonra da Avroparlamentin Azərbaycana qarşı hay-küyü yadımızdan çıxmayıb. Bu il martın 10-da isə Avroparlament Qarabağda guya erməni mədəni irsini Azərbaycan tərəfinin "dağıtdığına dair" hay-küylü şayiələr və yalanlarla dolu qətnamə vermişdi: 

“Bu, Avroparlamentarilərin Azərbaycana qarşı ilk fəaliyyəti deyil. Bu qurumun üzvləri torpaqlar Ermənistanın işğalı altında olanda Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərlər edir, separatçılarla görüşlər keçirirdi. Ancaq Azərbaycanın dini ibadətgah yerlərinin, mədəni abidələrinin 30 il ərzində ermənilər tərəfindən dağıdılmasını, təhqir edilməsini qurumun üzvləri bir dəfə də olsun dilə gətirmirdi. Avropalı deputatlar bu müddət ərzində yaşayış evlərinin, uşaq bağçalarının, hospitalların, başqa sosial, mədəni və inzibati binaların ermənilər tərəfindən yerlə-yeksan edilməsinə göz yumublar. Ermənilər təkcə işğal etdikəri torpaqlarda deyil, Ermənistanda da Azərbaycanın mədəni, dini abidə və yerlərini dağıdıb, coğrafi, tarixi və yer adlarını erməniləşdiriblər. Parlamentarilər öz ölkələrinin seçiciləri tərəfindən seçilirlər. Bu həm də öz ölkələrinin vətəndaşları adından danışmaq səlahiyyətlərinin olması deməkdir. Qərəzli bəyanatları, işğalçını müdafiəsi, dezinformasiya yaymaq və bu kimi həqiqətdən uzaq fəaliyyəti ilə həmin deputatlar seçicilərinin etimadından sui-istifadə edirlər”.
S.Soltan qeyd edib ki, illər uzunu Avroparlament Aİ ilə Azərbaycan arasında problemlər yaratmağa cəhd edib:

“İşğalçını və separatçıları dəstəkləyib. Ancaq indi vəziyyət dəyişib. Dünən parlamentdə Azərbaycana qarşı cəfəngiyyat danışanlar bu gün reallıqla barışmağa məcburdur. Bu baxımdan perspektivdə Avroparlament də Aİ-nin o biri qurumları kimi yalan yayıb, iğtişaşların yaranmasına deyil, Azərbaycanla Aİ arasında əməkdaşlığın genişlənib, güclənməsi istiqamətində addım atacaq”.