Ermənistanda  Rusiyanı tənqid edənlərin sayı çoxalıb  - Politoloq

"Bölgədə ABŞ və Avropa İttifaqının mövqeləri güclənir”.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin həm Ermənistana, həm də Azərbaycana səfər etdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ulyams Börns isə yalnız Ermənistana səfər etdi. Görünür, Börnsün Azərbaycanla müzakirə edəcəyi mövzusu yox idi. Çünki Ermənistandan fərqli olaraq Azərbaycanda ABŞ-ın biolaboratoriyası yoxdur. 

“Sherg.az”ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Kreml uzun müddətdir ki, İrəvana təzyiq edir ki, həmin laboratoriya bağlansın.

Analitikin sözlərinə görə, Rusiya həmin labotoriyada monitorinqin aparılmasını tələb edir: 

“Vaşinqton bunun əleyhinədir. Ulyams Börns İrəvanda baş nazir Nikol Paşinyanı inandırmağa çalışıb ki, o Rusiyanın təzyiqi altında labroratoriyanı bağlamasın və ora rusiyalı mütəxəssisləri buraxmasın. Əslində Sergey Narışkinin də Azərbaycana gəlməsinə ehtiyac yox idi. Onu Börnsün İrəvan səfəri maraqlandırır və Paşinyanla “amerikalı baş kəşfiyyatçı sizdən nə istəyib” sualını müzakirə edib. Sadəcə, Kreml Vaşinqtondan fərqli olaraq Narışkini hər iki ölkəyə göndərməklə nümayiş etdirmək istəyib ki, Rusiya üçün həm Ermənistan, həm də Azərbaycan vacib ölkədir. Buna baxmayaraq, Azərbaycanda Rusiyanın siyasəti tənqid olunur. Rəsmi Bakı Vaşinqtonla tərəfdaşlıqdan məmnundur. Ermənistanda da Rusiyanı tənqid edənlərin sayı çoxalıb. Ermənilərin bir qismi hesab edir ki, Rusiya Azərbaycan ordusuna Qarabağda müharibə aparmasına mane olmalıydı. Qarabağın böyük hissəsi Azərbaycanın nəzarətindədir. Ermənilərin bir qismi buna görə Rusiyanı günahkar bilirlər. Bunları nəzərə alaraq bölgədə ABŞ və Avropa İttifaqının mövqeləri güclənir”.